İyulun 4-də axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, daha əvvəl bildirildiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) heç bir sənaye obyektinə zərər dəyməyib.
Bu barədə SOCAR-ın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir.
Bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilib. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb.
Neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.
FHN: Vulkanın dənizdəki neft-qaz infrastrukturu və insan həyatı üçün təhlükəsi yoxdur
Bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur.
"Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur", - nazirlikdən bildirilib.
[embed]https://youtu.be/UyztaBIJM6c[/embed]