Ötən il Azərbaycanın turizm gəliri 7 dəfə azalıb

Ötən il Azərbaycanın turizm gəliri 7 dəfə azalıb
27 İyul 2021
Mətni dəyiş
Koronavirus pandemiyasından ən çox zərər çəkən sahələrdən biri də turizmdir. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, ötən il cəmi 384 milyon turist səyahətə çıxıb. Dünyada sonuncu dəfə 1990-cı illərin əvvəllərində buna yaxın göstərici qeydə alınıb. Halbuki, 2019-cu ildə həmin göstərici 1 milyard 500 milyona yaxın idi. Bu, bir il ərzində dünyada turist sayının 75 faizə yaxın azalması deməkdir. Pandemiyanın turizmə təsiri nəticəsində ötən il dünya ölkələri 1 trilyon 300 milyard dollar həcmində turizm gəlirindən məhrum olub. Turizm iqtisadiyyatı bir çox digər sahələrin fəaliyyətinə də təsir etdiyindən, turizmdəki durğunluq qlobal ümumi daxili məhsulun toplam 2 trilyon dollar azalmasına səbəb olub. Maliyyə itkiləri ilə yanaşı, bütün dünyada turizm sektorunda çalışan 120 milyonadək şəxs işini itirmə təhlükəsi ilə üz-üzə qalıb. Azərbaycanda 7 dəfə azalan turizm gəlirləri Turizm sahəsi özəlliklə devalivasiyasonrası illərdə Azərbaycan iqtisadiyyatı üçün daha mühüm istiqamət olmağa başladı. Bu səbəbdən, son illərdə turizm sahəsi ölkəyə neft satışından sonra ən çox valyuta gətirən istiqamətlərdən biri kimi diqqət çəkirdi. Ancaq ötən il, bütün dünyada olduğu kimi, Azərbaycana gələn turist sayında da ciddi azalma qeydə alındı. Rəsmi rəqəmlərə görə, 2020-ci ildə ölkəyə 796 minə yaxın xarici vətəndaş səfər edib. Bu, 2019-cu illə müqayisədə dörd dəfə azalma deməkdir. Ötən il Azərbaycana səfər edən hər dörd nəfərin üçü Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları olub. Cədvəl: 2015-2020-ci illərdə Azərbaycana səfər edən turistlərin sayı:
İl Turist sayı (nəfər)
2015 2 milyon 6 min
2016 2 milyon 249 min
2017 2 milyon 697 min
2018 2 milyon 850 min
2019 3 milyon 170 min
2020 796 min
  Səfər edən turistlərin azlığı ölkəyə axan turizm gəlirlərini də ciddi ölçüdə azaldıb. Əgər 2019-cu ildə Azərbaycana səfər edən turistlər ölkədə 2 milyard 971 milyon manat xərcləmişdisə, ötən il bu vəsait cəmi 415 milyon manata yaxın olub. Yəni, 2020-ci ildə Azərbaycanın əldə etdiyi turizm gəlirləri 7 dəfədən çox azalıb. Əgər son üç il ərzində Azərbaycana səfər edən əcnəbilərin ölkədə xərclədiyi pul xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının xərclədiy vəsaiti bir neçə yüz milyon qabaqlayırdısa, ötən il bu göstərici, təxminən, eyni olub. Ötən il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları 413 milyon manat vəsait xərcləyiblər. 2019-cu ildə həmin göstərici 2 milyard 407 milyon manat idi. Cədvəl: 2015-2020-ci illərdə turizm məqsədi ilə Azərbaycana gələn əcnəbilərin və xaricə səfər edən Azərbaycan vətəndaşlarının turizm məqsədi ilə xərclədiyi vəsait (manatla)
İl Əcnəbilərin Azərbaycanda xərclədiyi vəsait Azərbaycanlıların xaricdə xərclədiyi vəsait
2015 1 milyard 132 milyon 1 milyard 817 milyon
2016 1 milyard 411 milyon 1 milyard 970 milyon
2017 2 milyard 285 milyon 1 milyard 679 milyon
2018 2 milyard 662 milyon 2 milyard 387 milyon
2019 2 milyard 971 milyon 2 milyard 408 milyon
2020 415 milyon 413 milyon
  Turist azlığının təsirləri Turistlərin sayca azalması ötən il bu sektorda çalışan şirkət və işçi sayını, eləcə də gəlirləri azaldıb. Rəsmi rəqəmlərə görə, 2019-cu ildə ölkədə 432 səyahət agentliyi və tur operatoru fəaliyyət göstərirdisə, ötən ilin sonunda bu rəqəm 300-ə enib. Başqa sözlə, bir il ərzində, ən azı, 132 müəssisə fəaliyyətini dayandırıb. Bu üzdən, həmin şirkətlərdə çalışan işçilərin sayı il ərzində 2 min 205 nəfərdən, 1 min 464 nəfərə enib. Hotellərdə çalışan işçilərin sayı da eyni dövrdə 12 min 500 nəfərdən 10 min 700 nəfərədək geriləyib. Bu təkcə turizm agentlikləri və hotellərdə rəsmi rəqəmlərə görə 3 min insanın işini itirməsi deməkdir. Səyahət agentlikləri və tur operatorlarının əldə etdiyi gəlir həcmində də ciddi azalma var. Əgər həmin şirlətlər 2019-cu ildə 63 milyon 400 min manata yaxın gəlir qazanmışdısa, ötən il bu rəqəm cəmi 16 milyon 150 min manat olub. Onu da nəzərə almaq lazımdır ki, əgər 2019-cu ildə turizm şirkətləri məhsul və xidmətlərin istehsalına 50 milyon 400 min xərcləmişdisə, ötən il xərclər 22 milyon manatı aşmayıb. Yəni, son illərdə ilk dəfə xərclər gəlirləri üstələyib və 6 milyon manata yaxın zərər qeydə alınıb. Həmin şirkətlərin satdığı turizm yollayışlarının sayı 64 mindən 5 min 300-ə düşüb. Hotel gəlirləri də həmin dövr ərzində 450 milyon manatdan 117 milyon manata geriləyib. Qeyd etmək lazımdır ki, turizm agentliklərinin və tur operatorlarının sayı azalsa da, hotel sayında nisbi artım gözə çarpır. 2020-ci ildə ölkədə hotel və hotelvari müəssisə sayı 642-dən 655-ə yüksəlib. Ölkədə fəaliyyət göstərən hotellərin tutumu da il ərzində 49 min 980 nəfərdən 50 min 687 nəfərə yüksəlib. Bununla belə, hotelə yerləşdirilən şəxs və gecələmələrin sayında ciddi azalma var. 2019-cu ildə ölkədə hotellərə 1 milyon 920 min şəxs yerləşdirilmiş, 3 milyon 345 min gecələmə qeydə alınmışdı. Ötən il həmin göstəricilər, müvafiq olaraq, 669 minə və 1 milyona enib. Ötən il Azərbaycandan turist sayı 5 dəfə azalıb Dövlət Statistika Komitəsinin rəqəmlərindən aydın olur ki, Azərbaycana gələn turistlər ölkəyə ən çox işgüzar məqsədlərlə səfər edib. Ötən il ölkəyə gələn 796 min turistin 519 mini ölkəyə turizm məqsədi ilə səyahət edib. Onların 34 faizi məhz işgüzar məqsədlə ölkəyə gələnlərdir. 2019-cu ildə ölkəyə səfər edənlərin 30 faizi məhz bu məqsədlə gəlibmiş. Həmin zaman istirahət-əyləncə üçün gələn turistlərin xüsusi çəkisi 40 faiz olub. Ölkəyə gələnlərdən fərqli olaraq, xarici ölkəyə gedən azərbaycanlı turistlərin əsas səyahət məqsədi istirahət olub. Ötən il Azərbaycandan xaricə səfər edənlərin sayı 1 milyon 165 min nəfərə enib. Cəmi bir il öncə bu göstərici 5 milyon 600 min nəfərə yaxın idi. Bu o deməkdir ki, 2020-ci ildə Azərbaycandan kənara edən səfərlərin sayı beş dəfəyədək azalıb. Ötən il xarici ölkələrə səfərlərin 747 mini turizm məqsədi daşıyıb. Həmin səyahətlərin 27 faizə yaxını istirahət və əyləncə məqsədi ilə həyata keçirilib. Cədvəl: 2019-2020-ci illərdə Azərbaycandan xaricə səfər edən turistlərin səyahət səbəbləri
Xarici ölkəyə getmə səbəbi 2019 2020
İstirahət-əyləncə məqsədi ilə 1 milyon 252 min 195 min
İşgüzar məqsədlə 849 min 168 min 500
Qohumlara, dostlara baş çəkmək məqsədi ilə 876 min 400 158 min
Müalicə məqsədi ilə 269 min 43 min
Dini ziyarət məqsədi ilə 250 min 39 min 200
Digər 851 min 143 min

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun