Navalnının saytı Rusiyada bloklanıb

Navalnının saytı Rusiyada bloklanıb
27 İyul 2021
Mətni dəyiş

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarət İdarəsi (Roskomnadzor) həbsdə olan müxalifət lideri Aleksey Navalnının saytını bloklayıb.

Roskomnadzordan verilən məlumata görə, navalny.com saytı Rusiya Baş Prokurorluğunun tələbi əsasında bloklanıb.

Rusiya qanunlarına görə, sayt qanunsuz kütləvi tədbirlərə çağırış etdiyi zaman bağlana bilər.

2020-ci ilin avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhhəti pisləşən 44 yaşlı rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarə ilə müalicə üçün Omskdan Berlinə aparılıb.

Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlayıb. Navalnı müalicəsini başa vurduqdan sonra bu ilin 17 yanvarında ölkəsinə qayıdıb.

Moskvanın Simonski məhkəməsi fevralın 2-də müxalifət liderinin indiyə kimi olan şərti cəzasını real həbs cəzası ilə əvəzləyib. Bununla da onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib.

Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın yalnız 2 il yarımını həbsxanada keçirəcək. Çünki o, 2014-cü ildə bir müddət ev məhbusu olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun