Mediasiya prosesinə dair tələblər dəyişir - Qanunvericiliyi pozanlar cərimələnəcək

Mediasiya prosesinə dair tələblər dəyişir - Qanunvericiliyi pozanlar cərimələnəcək
9 İyul 2021
Mətni dəyiş
Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Mediasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanunun 21.10 və 29.4-cü maddələrinə əsasən, tərəfin mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdı. Bu maddələr ləğv olunub. Mediatorun da vəzifəsi artırılıb. Artıq tərəflər deyil, mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borclu olacaq. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Qüvvədə olan qanuna görə, belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılacaqdı. Dəyişikliyə əsasən, bunun üçün öncə tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanması əsas götürüləcək. Başqa sözlə, tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılacaq. Qüvvədə olan qanunda tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi və ya bu barədə mediator tərəfindən tərtib olunmuş protokolun məhkəməyə təqdim olunması, məhkəmənin bununla bağlı tərəflərin iştirakı ilə keçirilmiş iclasda onların razılığı ilə iş üzrə icraata xitam verməsi nəzərdə tutulub. Təklif edilən dəyişikliyə əsasən, mediator tərəfindən tərtib olunmuş protokol siyahıdan çıxarılır, yalnız barışıq sazişi əsas götürüləcək. Başqa sözlə, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunacaq. Məhkəmə də həmin barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam veriləcək. Qüvvədə olan qanuna əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər və barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur. Dəyişikliyə əsasən, notariusa bu sahədə verilən səlahiyyət ləğv olunur. Beləliklə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə biləcək. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunacaq. Bundan başqa, Mediasiya haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşib. Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 602-2-ci maddəyə əsasən, “Mediasiya haqqında” qanuna uyğun olaraq Mediasiya Şurasının üzvlüyünə qəbul edilmədən fiziki şəxsin mediator fəaliyyəti ilə məşğul olmasına, hüquqi şəxsin mediasiya təşkilatı kimi və (və ya) mediasiya təlimi sahəsində fəaliyyət görməsinə görə fiziki şəxslər min manat, vəzifəli şəxslər iki min manat, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək. Medasiya təşkilatları, mediatorlar, mediasiya təlimi qurumları tərəfindən mediasiya reyesterində onlar barədə olan məlumatlarda baş vermiş dəyişikliklər barədə “Mediasiya haqqında” qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatların verilməməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə ediləcək. Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən “Mediasiya haqqında” qanunda nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulmasına görə fiziki şəxslər səkkiz yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə ediləcək. Mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə edilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə ediləcək. Mediator tərəfindən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinin alınmamasına, habelə ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə beş yüz manat cərimə edilir. Həmçinin, mediatorlar məcburi dövlət sosial sığortasına cəlb olunacaqlar. Bu da Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, sərbəst mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə isə mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid ediləcək. Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Mediatorlarla bağlı “Tibbi sığorta haqqında” qanuna da dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, mediatorlar icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun