Makron "Pegasus"-a görə İsrailin Baş nazirinə zəng edərək izahat istəyib

Makron "Pegasus"-a görə İsrailin Baş nazirinə zəng edərək izahat istəyib
26 İyul 2021
Mətni dəyiş

Fransa prezidenti Emmanuel Makron NSO şirkətinin istehsal etdiyi "Pegasus" proqramı ilə izlənməsi ilə bağlı İsrailin baş naziri Naftali Bennetdən izahat istəyib.

Bu barədə Fransa mətbuatı məlumat yayıb. Məlumatda qeyd edilir ki, telefon danışığı zamanı Makron narahatlığını ifadə edib və izahat tələb edib.

Bennet isə məsələnin ən yüksək səviyyədə araşdırılacağını və bununla bağlı məlumat veriləcəyinə söz verib. O bildirib ki, sözügedən hadisə onun nazir olduğu dövrə təsadüf etmir.

İsrailin “NSO Group” şirkətinin işləyib hazırladığı “Pegasus” casus proqramının dünyanın 50-yə yaxın ölkəsində siyasətçiləri, jurnalistləri, insan haqları fəallarını, biznesmenləri, hökumət üzvlərini izləmək üçün istifadə olunması ətrafında qalmaqal davam edir.

“Le Monde” qəzeti xarici xüsusi xidmət orqanlarının bu casus proqramın köməyi ilə Fransa prezidenti Emmanuel Makronu da izlədiyini qeyd edib. Bildirilir ki, casus proqram habelə baş nazir Eduar Filipin və Fransa hökumətinin 14 nazirinin telefonlarına yüklənib. Yelisey sarayından bildiriblər ki, bu informasiya təsdiqlənərsə “ciddi addımlar” atılacaq. Fransa rəhbərliyini 2019-cu ildən etibarən Mərakeş xüsusi xidmət orqanlarının izlədiyi bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun