Gürcüstanda jurnalistlərə qarşı zorakılığa etiraz aksiyası keçirildi

Gürcüstanda jurnalistlərə qarşı zorakılığa etiraz aksiyası keçirildi
8 İyul 2021
Mətni dəyiş
Gürcüstanda KİV nümayəndələri Tiflisdə jurnalistlərə qarşı zorakılığa etiraz əlaməti olaraq aksiya keçiriblər. “Sputnik Gürcüstan” xəbər verir ki, aksiya iştirakçıları ölkə rəhbərliyini zorakılığa görə məsuliyyəti öz üzərlərinə götürməyə və təqsirkarların cəzalandırılmasına çağırıblar. “TV Pirveli”nin əməkdaşı Tornike Kverençxiladze hesab edir ki, məhz Baş nazirin 5 iyul tarixindəki çıxışından sonra zorakılıq prosesləri başlayıb. Son günlər Tiflisdə özlərini ənənəvi dəyərlərin qoruyucuları adlandıran LGBT əleyhdarları aksiyalar keçirir. Birinci və ikinci gün aksiyalar zamanı etirazçılar jurnalistlərə qarşı kobud davranış sərgiləyiblər. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, qarşıdurmalar zamanı jurnalist, operator və fotoqraflardan ibarət 53 nəfər xəsarət alıb. Nazirlik baş verən zorakılıq halları ilə bağlı istintaqı davam etdirir. Bu gün səhər saatlarında verilən məlumatlara əsasən, zorakılıqda və ictimai asayişi pozmaqda təqsirli bilinən 100 nəfər saxlanılıb. Baş nazir İrakli Qaribaşvili iyulun 5-də Tiflisdə LGBT cəmiyyətinə dəstək məqsədilə keçirilməli olan aksiya barədə demişdi: “Bu gün Tiflisin mərkəzində “Qürur marşı”nın keçirilməsi məqsədəuyğun deyil. Bu aksiya vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Bura Gürcüstandır, bizim öz adətlərimiz, qaydalarımız var”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun