Çinin WeChat sosial platforması LGBTI+ hesablarını sildi

Çinin WeChat sosial platforması LGBTI+ hesablarını sildi
9 İyul 2021
Mətni dəyiş
Çində geniş istifadə edilən WeChat platformasının şəbəkədəki LGBTİ+ hesablarını silməsi ölkədəki sosial median iki yerə bölüb. Əksəriyyət istifadəçiləri universitet tələbələri olan onlarla WeChat hesabının çərşənbə axşamı silinməsi şəbəkənin LGBTİ+ məzmunlu paylaşımlara nəzarəti gücləndirəcəyi ilə bağlı narahatlıqları artırıb. Hesabların bağlanması sosial mediada LGBTİ+ icmasına dəstək dalğası yaradıb və bir çox profildən tələbə qruplarına “Dirənin”, “Boyun əyməyin” kimi mesajlar atılıb. Buna baxmayaraq, bəzi hesablar isə bu addımı məmnuniyyətlə qarşılayaraq “Susdurulmalarının zamanı gəlmişdi” kimi reaksiyalar veriblər. Çində homoseksuallıq 1997-ci ildə qanunla “cinayət” olmaqdan çıxarılıb, amma LGBTİ+ icması hələ də ayrı-seçkiliklə üzləşməkdədir. Universitetlərdəki tələbə dərnək və qruplarından açıqlamalar Çərşənbə günü ən az iki LGBTİ+ tələbə qrupu WeChat hesablarının bağlanması və bütün keçmiş paylaşımlarının silinməsinə etiraz edərək açıqlama yayımlayıb. Açıqlamalarda cinsi orientasiya azadlığı və gender bərabərliyini müdafiə edən qruplar və kampuslarda tələbələr dəstək ifadə edilir. Fudan Universitetinin Jihe tələbə birliyi açıqlamasında bildirib ki, fəaliyyətləri bu qapanmalara görə dayanmayacaq. “Əksinə bunu gender bərabərliyi və icmamərkəzli səylərimizi davam etdirmək və cəsarət, sevgini qucaqlamaq üçün yeni bir başlanğıc fürsətinə çevirəcəyimizə ümid edirik”, açıqlamada deyilir. Digər tərəfdən, Singhua Universitetindən Wudaokou Purple qrupu da “illərlə davam edən çalışmaların məhsulu olan paylaşımların bir anda silinməsinə” hiddətlə etiraz edib və bu həmlənin onları bir-birinə daha da yaxınlaşdırdığını açıqlayıb. Sözügedən iki təhsil müəssisəsi Çinin ən yaxşı iki universiteti sayılır. ABŞ Xarici İşlər Nazirliyi dünən jurnalistlərə “Yalnız özlərini ifadə edən və söz azadlığından istifadə edən hesabların silinməsindən” təəssüfləndiyini açıqlayıb. Amma Çinin bir çox sosial media istifadəçisi isə hesabların silinməsini alqışlayıb. “LGBTİ+ icması səssizcə nə edirsə etsin, vecimə deyiı. Amma niyə öz ideallarını bu qruplar vasitəsilə gözümə soxurlar?”, – deyə Weibo adlı paylaşım saytında bir nəfər yazıb. Artan dözümsüzlük Bağlanan Weibo hesablarına daxil olduqda bir çoxunda “internet qaydalarını pozduqları” haqda bildiriş çıxır, amma əlavə məlumat verilmir. “Şikayətlər əsasında bütün məzmun blok edilib və hesab dayandırılıb” cümləsi qeyd edilib. Hesabların adlarını da silinərək yerində “adsız” yazısı qoyulub. Sözügedən hesabların bağlanması bəzilərinin fikrincə, ölkədə LGBTİ+ icmasına qarşı “getdikcə artan dözümsüzlüyün” bir nümunəsidir. Keçən il Şanxayda təşkil edilən “Qürur həftəsi” 11 il sonra ilk dəfə, heç bir səbəb göstərilmədən ləğv edilib. 2019-cu ildə Freddi Merkurinin həyatından bəhs edən “Bohemian Rhapsody” filmi Çin kinoteatrlarında nümayiş edilib, amma “Queen” qrupunun məşhur solistinin cinsi orientasiyası və AIDS diaqnozuna aid bəzi hissələr senzuraya məruz qalıb. 2018-ci ildə isə Weibo sosial paylaşım saytında homoseksuallıqla bağlı məzmunların hamının silinəcəyi açıqlanıb. Amma çox böüyk və hiddətli etiraz dalğasından sonra sayt geri addım atıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun