Apellyasiya Məhkəməsi "Müsəlman Birliyi"nin fəalını həbsdə saxlayıb

Apellyasiya Məhkəməsi "Müsəlman Birliyi"nin fəalını həbsdə saxlayıb
14 İyul 2021
Mətni dəyiş
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə "Müsəlman Birliyi" Hərəkatının üzvü Razi Hümbətovun həbsilə bağlı şikayətə baxılıb. Vəkil Cavad Cavadov bildirib ki, prosesdə Hümbətov saxlanma zamanı ona qarşı fiziki təzyiqin olduğunu söyləyib. "Bununla əlaqədar prokurorluğa şikayət verecəyik", - vəkil deyib. O qeyd edib ki, Hümbətov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilmir. "Razi Hümbətov deyib ki, özünü günahkar hesab etmir. Məhkəmədə onu sosial şəbəkələrdə tənqidi yazılara, narkomaniyaya qarşı ictimai kampaniyaya, narkotik maddələrə qarşı posterlərin yapışdırılmasına görə təqib etdiklərini də əlavə edib. Hümbətov deyib ki, onda heç bir narkotik maddə olmayıb, mömin adamdır və belə işlə məşğul olmaq onun üçün rüsvayçılıq olardı", - Cavadov deyib. Vəkil bildirib ki, müdafiə tərəfi Hümbətovun həbsdən azad edilməsilə bağlı hüquqi addımları davam etdirəcək və qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət verəcək. Hümbətov iyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanılıb. Üç gündən sonra vəkil aydınlaşdıra bilib ki, hələ iyulun 8-də Nərimanov Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürərək onun barəsində həbs qətimkan tədbiri seçib. Bu maddə üzrə onu 12 ilədək azadlıqdan məhrumolunma cəzası gözləyir. “Müsəlman Birliyi” Hərəkatında Razi Hümbətovun həbsini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi, həmçinin gənclər arasında narkotik maddənin yayılmasına qarşı fəal mübarizə aparması ilə əlaqələndirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun