Yunanıstandakı qaçqın qadınlar film vasitəsilə gender bərabərliyini təbliğ edirlər

Yunanıstandakı qaçqın qadınlar film vasitəsilə gender bərabərliyini təbliğ edirlər
29 İyun 2021
Mətni dəyiş
Afinada professional kurslar təklif edən kiçik xeyriyyə cəmiyyətinin ofisində bir qrup qadın amerikalı rejissorun nəzarəti altında qısametrajlı filmlər və podkastların montajı ilə məşğul olur. Konqo, Suriya, Əfqanıstan və İrandan olan qaçqın qadınlar GlobalGirl Media-da təlim keçirlər. Bu təşkilat kasıb cəmiyyətlərdən olan gənc qadınlara rəqəmsal media və jurnalistika sahəsində vacib biliklər verir.               Dünyanın müxtəlif yerlərindən Yunanıstana gəlmələrinə baxmayaraq, onlar qarşılaşdıqları problemlərin bir-birindən fərqlənmədiyini dərk edirlər. “Mən yunan qadınların üzləşdikləri çətinliklər haqda heç nə bilmirdim. Müsahibə zamanı bir qadın olaraq bir-birimizi dəstəkləməyin vacibliyi haqda geniş müzakirələr aparırdıq. Çünki eyni təcrübələri yaşayırıq”, 25 yaşlı əfqanlı Fatimə Cəfəri deyir. On illərlə davam edən susqunluqdan sonra son zamanlar Yunanıstanda  qadınlara qarşı zorakılıq, qadın qətlləri daha çox ifşa edilməyə başlayıb. Cinsi qısnamalar haqda məlumatlar da yanvar ayından bəri, yelkən idmanı üzrə yunan olimpiya çempionu Sofiya Bekatoru federasiyanın məmurunu seksual təcizdə ittiham etməsindən sonra geniş yayılmağa başlayıb. Bu xəbər Yunanıstanda gecikmiş #MeToo hərəkatının dirçəlməsinə təkan verib. “Qadınların, xüsusilə gənc miqrant qadınların səsi KİV-də demək olar ki, eşidilmir”, - GlobalGirl Media-nın Yunanıstandakı koordinatoru, amerikalı rejissor Emi Uilyams deyir. “İdeya bundan ibarətdir ki, onlara səslərini çatdırmaq, özlərinin və gender ayrı-seçkiliyinə məruz qalan digər qadınların hekayələrini videoya çəkərək özünü bərpa etmək üçün jurnalistika ixtisası öyrədilsin”, o deyib. İyunun 30-da Birləşmiş Millətlər Təşkilatı Parisdə gender bərabərliyinə həsr edilmiş forum keçirəcək. Tədbirdə aktivistlər gender bərabərliyinin daha da inkişaf etdirilməsi üçün hökumətlərə təzyiq etməyə çalışacaqlar. Uilyamsın sözlərinə görə, gənc qaçqın qadınlar bu səbəblə xüsusi təlimlər keçiblər və Yunanıstanda feminist ikonlar və təşkilatlardan müsahibələr alaraq qısametrajlı film çəkmək üçün maliyyələşdiriliblər. 38 yaşlı iranlı Sudə Fəzlullah bacısı Eli ilə birlikdə Bekatoroudan aldığı müsahibədən çox şey öyrəndiyini deyib. “Danışın”                   “Siz açıq şəkildə danışmaqdan qorxmamalı, insanların uyğunsuz hərəkətlərini müzakirə etməkdən utanmamalısınız”, - Sudə deyir. Bacılar daha əvvəl Lesbosdakı məşhur Moriya düşərgəsində yaşayırdılar. Düşərgə sentyabrda yanandan sonra, onlar Elayonas düşərgəsinə gedənə qədər bir neçə gün Afina və Saloniki küçələrində dolaşıblar. “Bir qadın kimi təhlükə hər yerdədir. Düşərgələrdə bu, xüsusilə hiss edilir. Siz tualetə getməkdən, gecələr tək gəzməkdən qorxursunuz”, Eli deyir. Qısametrajlı filmlərdən biri Lesbosda qadınlar üçün ayrılmış istirahət və duş yerlərindən bəhs edir. Digərində müsahibə alınan qadınlardan feminizmin nə olduğu soruşulur. “Bəxtim gətirdi ki, yaxşı insanla rastlaşdım” Ataa Brimo 14 yaşında özündən doqquz yaş böyük biri ilə evləndirilib və bir ildən sonra övladı dünyaya gəlib. Bu suriyalı miqrant qadının hazırda 30 yaşı var. Son 2 il ərzində Almaniyadakı ailəsindən uzaq qalan və Yunanıstanda yaşayan Ataa yetkinlik yaşına çatmayanlar haqda qısametrajlı film çəkib. Ekran əsəri eyni təcrübəni yaşayan və daha dəhşətli hadisələr danışa biləcək minlərlə digər qadının diqqətini cəlb edib. Brimonun “Kiçik ana” adlı filmi Salonikdəki sənədli film festivalında nümayiş etdiriləcək. “Bəxtim gətirdi ki, yaxşı insanla rastlaşdım. Amma aydındır ki, gənc ana olmağa hazır deyildim. Mənimlə nə baş verdiyini anlamırdım” – o, AFP-yə müsahibəsində deyir. Yunan polisinin məlumatına görə, 2010-2018-ci illər ərzində Yunanıstanda məişət zorakılığının sayı 4 dəfə artaraq 1148-dən 4254-ə çatıb. Amma bir çox hadisələr barədə indiyədək məlumat verilmir. Ötən həftə 32 yaşlı yunan kişi öz 20 yaşlı britaniyalı həyat yoldaşını balaca qızı ilə yatarkən öldürdüyünü etiraf edib. O, daha sonra qətli ölümcül soyğun kimi qələmə verməyə çalışıb. “Biz özümüzü birlikdə daha güclü hiss edirik” “Bu gənc qadınlar indiyə qədər feminizmin nə olduğunu dəqiq bilmirdilər”, Uilyams deyir. “Amma hətta bu barədə xəbərləri olmasa da, onlar çox güclü və feministdirlər... onlar öz ailələrini, patriarxal cəmiyyəti geridə qoyaraq səyahət ediblər, bir çox çətinliklərlə təkbaşına üz-üzə qalıblar”. “Onlar həyatlarını öz istədikləri kimi qurmaq uğrunda mübarizə aparırlar”, o əlavə edir. Layihənin rəhbəri Adriana Teoxari deyir ki, qaçqınlarla ünsiyyət yunan qadınlara öz qorxuları və problemlərinin öhtəsindən gəlməkdə çox kömək edib. “Kişilərsiz onlar özlərini təhlükəsizlikdə hiss edirlər. Fikirlərini heç bir məhdudiyyət olmadan ifadə edə, utanmadan ağlaya bilərlər”, Teoxar deyir. “Mənim kimi yunan qadınların da sessiyalarda iştirak etməsi miqrantların inteqrasiyasına yardım edir və aramızda daha yaxşı anlaşmamıza gətirib çıxarır”. “Nəticədə hamımız qadınıq. Taleyimizdən və milliyyətimizdən asılı olmayaraq. Və biz eyni dildə danışmasaq da adətən bir-birimizi başa düşürük”, o vurğulayır. “Birlikdə biz özümüzü daha güclü, bütün cəmiyyətlərdə mövcud olan qeyri-bərabərlik və ayrı-seçkiliklə mübarizə aparmaq üçün daha hazır hiss edirik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun