Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Ukrayna milli futbol komandasından "Yaşasın Qəhrəmanlar!" sözlərini çıxarmağı tələb edib. Bu barədə sports.ru xəbər portalı məlumat verib.
"Formanın içərisindəki bu xüsusi şüar UEFA-nın yarışlarında istifadə üçün çıxarılmalıdır" – deyə, qurumun mətbuat xidməti RİA Novosti-yə bildirib.
Ukrayna milli futbol komandasının yeni forması bundan əvvəl Rusiyanı hiddətləndirmişdi. Futbol geyimlərində Ukraynanın Krımla birlikdə sərhədləri və "Yaşasın Ukrayna - Yaşasın Qəhrəmanlar" yazısı təsvir edilmişdi. Komanda Avropa çempionatında bu cür oynamağı planlaşdırırdı.
UEFA forma üzərindəki Ukrayna xəritəsinin təşkilatın qaydalarını pozmadığını, çünki BMT-nin dövlətin müvafiq sərhədlərini tanıdığını bildirib.
Geyimin yaxasında yazılan "Yaşasın Ukrayna" şüarı qalacaq, çünki bu, özü özlüyündə qeyri-siyasi ifadə kimi qəbul edilə bilər. Digər tərəfdən isə Ukrayna "Yaşasın Qəhrəmanlar!" şüarını formadan çıxarmalıdır.
Rusiya Dövlət Duması, Xarici İşlər Nazirliyi və Rusiya idmançıları daha öncə UEFA-nı formanı qadağan etməyə çağırmışdılar və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu "ümidsiz bədii addım" adlandırmışdı.
Buna qədər UEFA-ya Rusiya Futbol İttifaqından etiraz olaraq Avro-2020-də iştirakdan imtina etməklə hədələyən məktub göndərilmişdi. İttifaq idman vasitələrindən siyasi mövqe üçün istifadə edildiyini bildirmişdi.