Sedat Peker silsilə videoları ilə Ərdoğanı çətin vəziyyətə salıb

Sedat Peker silsilə videoları ilə Ərdoğanı çətin vəziyyətə salıb
1 İyun 2021
Mətni dəyiş
Türkiyə hökuməti davamlı olaraq Suriyadakı cihadçıları silahlandırma ittihamları ilə üzləşir. Mühacirətdə olan mafiya başçısı Sedat Pekerin YouTube-da yayımladığı videosundakı ittihamlar isə Türkiyə prezidentini daha çətin vəziyyətə salıb. Sedat Pekerin YouTube-da yaydığı çox sayda iddialar arasında Türkiyə hökumətinin Suriyadakı cihadçılardan neft almaq və silah vermək iddiası da var. Yayımladığı videolardan birində Peker Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas köməkçilərinin bu sxemi necə işlədiyini ətraflı izah edib. Bir vaxtlar Türkiyə hökuməti ilə sıx əlaqədə olan Peker ölkədən qaçmaq məcburiyyətində qaldıqdan sonra hər bazar günü YouTube kanalında hökuməti tənqid edən videolar paylaşır. Analitik Atilla Yeşilada mafiya patronunun izləyicilərinin artdığını deyir. “O, hər videosuna 4-5 milyondan çox izləyicini asanlıqla cəlb edir. Onun hər dediyi müxalifət kanallarında yoxlanılır. Beləliklə, hər kəs onun nədən danışdığını bilir. Ən ağırı isə onun 1990-cı illərdəki məhkəmədənkənar qətllər barədə sənədləri açmasıdır” - deyə, Yeşilada bildirir. Peker keçmiş daxili işlər naziri Mehmet Ağarın 1990-cı illərdən bəri tanınmış jurnalistlərin sui-qəsdində əli olduğunu və “dərin dövlət” kimi tanınan qaranlıq bir təşkilatın rəhbəri olduğunu iddia edir. Ağar Ərdoğanla yaxın münasibətdədir. Ağarın oğlu Tolqa isə Türkiyənin hakim AKP partiyasının rəhbərlik etdiyi parlamentin millət vəkilidir. Ağar ittihamları rədd edir. Sərhədsiz Reportyorlar təşkilatından Erol Önderoğlu hökumətin şəffaflığına ehtiyac olduğunu deyir. “Bu, əslində parlament araşdırmasının bir hissəsi olmalıdır, lakin hazırda Türkiyə hökumətinin bəzi dövlət xadimlərinin adlarını açıqlaması əsla mümkün deyil. Bugünkü şəffaflıq ictimai rəyə və qurbanların ailələrinə hörmət göstərməlidir” - deyə, Önderoğlu bildirib. Ərdoğan bütün bu iddiaları rədd edib. O, partiyasının millət vəkillərinə bütün bunların onu devirmək üçün beynəlxalq sui-qəsdin bir hissəsi olduğunu deyib. Sedat Peker isə ittihamlarını davam etdirir. O, Ərdoğanın yaxın adamı, keçmiş baş nazir Binəli Yıldırımın oğlunu kokain qaçaqmalçılığında günahlandırıb və onun Türkiyəni Avropaya narkotik maddələr idxal edən və paylayan ən böyük mərkəzlərdən birinə çevirdiyini deyib. Binəli Yıldırım da bu ittihamları rədd edib. Peker 20 il ərzində hakim partiyanın yaxın çevrəsindən öyrəndiyi daha çox sirri YouTube-da bölüşəcəyini vəd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun