Qvatemala Rusiyadan çatdırılmamış “Sputnik V” vaksini üçün ödənilən pulu qaytarmasını xahiş edir

Qvatemala Rusiyadan çatdırılmamış “Sputnik V” vaksini üçün ödənilən pulu qaytarmasını xahiş edir
30 İyun 2021
Mətni dəyiş
Qvatemala hakimiyyəti Rusiyadan “Sputnik-V” vaksini üçün ödənilən 10 milyonlarla dolların geri qaytarılmasını xahiş edib. Buna səbəb vaksinin ölkəyə daxil olmamasıdır. Bu barədə Reuters məlumat yayıb. Qvatemalanın səhiyyə naziri Ameliya Flores həmçinin bildirib ki, hökumət vaksinin xaricdə marketinqi ilə məşğul olan Rusiya Birbaşa İnvestisiya Fondundan peyvəndin ilk dozasını vuran şəxslər üçün vaksinasiyanın tamamlanması məqsədilə 20 gün ərzində vaksinin ölkəyə çatdırılmasını tələb edib. Ameliya Flores Aprel ayının əvvəllərində Qvatemala 8 milyon doza rus vaksini üçün təxminən 80 milyon dollar ödəyib. Qvatemala hökumətinin məlumatına görə, hələlik ölkəyə sadəcə 150 min doza vaksin gətirilib. Ölkədə COVID-19-a yoluxanların sayı pandemiya başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Reuters Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Oleq Bryanskidən sitat gətirərək bildirir ki, hazırkı və gələcək həftələrdə Qvatemalaya “müqavilə şərtlərini yerinə yetirmək məqsədilə” vaksinyüklü 2 təyyarə gələcək. Rusiya COVID 19-a qarşı vaksinlərin başqa ölkələrə çatdırılması öhdəliklərinin faktiki olaraq yalnız 8%-ni yerinə yetirib. Bu barədə Forbes jurnalı rus və xarici KİV-lərin Rusiya səfirliklərindən əldə etdikləri məlumatlar əsasında bu ilin may ayında yayımladığı xəbərdə bildirib. Rusiya “Sputnik V” vaksinin dünyanın 64 ölkəsində təsdiqlənməsinə nail olub və onlardan bir neçəsinə artıq birinci partiyanı çatdırıb. Forbes hesab edir ki, mayın 21-dək Rusiya xaricə 16.3 milyon doza vaksin göndərib. Onlardan neçəsinin vaksinin birinci, neçəsinin ikinci dozası olması isə adətən açıqlanmır. Forbes bildirir ki, razılıq əldə edilmiş bir çox ölkələr hələlik planlaşdırılmış miqdarın çox kiçik hissəsini ala biliblər. Məsələn, Venesuela 2020-ci ilin  dekabrında Rusiya ilə 10 milyon insanın vaksinlənməsi üçün “Sputnik V”-nin çatdırılması haqda müqavilə imzalayıb. Bu da 20 milyon doza deməkdir. Venesuela hökuməti 2021-ci ilin ilk rübünədək bütün partiyanı əldə etməyi düşünsə də, ölkəyə yalnız 430 min doza gətirilib. Honduras planlaşdırılan 4.2 milyon dozadan yalnız 40000 doza “Sputnik V” alıb. Şri Lanka 13 milyondan 15 minini, Özbəkistan milyondan 100 minini ala bilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun