22 İyun 2021
Mətni dəyiş
Nurlana Müzəffər qızı Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
N.Əliyeva 23 iyun 2016-cı ildə Bakı Slavyan Universitetinin rektoru vəzifəsinə təyin edilib.
YAP-ın sonuncu qurultayında “vurulanlardan” biri də Nurlana Əliyeva olub. O, nəinki YAP Qadınlar Şurasının sədri vəzifəsini itirib, həm də partiyanın İdarə Heyətindən kənarlaşdırılıb.
Nurlana Əliyevanın adı bir neçə dəfə müxtəlif qalmaqallarda hallandırılıb. Məsələn, 2019-cu ilin oktyabrında Bakı Slavyan Universitetinin tələbələri arasında Sovet və Rusiyanın tanınmış dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi münasibətilə esse müsabiqəsinin keçirilməsi böyük hay-küyə səbəb olub. O zaman 1990-cı il yanvar ayının 20-də sovet qoşunlarının Azərbaycan paytaxtına soxulmasında və qanlı hadisələrin törədilməsində xüsusi rolu olan Primakovun Azərbaycanda görkəmli dövlət xadimi kimi anılması səs-küysüz ötüşməmiş, yerli mətbuat və sosial şəbəkələr Nurlana Əliyevanı Azərbaycanın milli maraqlarına xəyanət etməkdə suçlayıb.