Putin Baydenlə görüşü "konstruktiv" adlandırdı - Bayden amerikalı jurnalistləri tənqid etdi

Putin Baydenlə görüşü "konstruktiv" adlandırdı - Bayden amerikalı jurnalistləri tənqid etdi
17 İyun 2021
Mətni dəyiş
ABŞ prezidenti Co Bayden və rusiyalı həmkarı Vladimir Putin arasındakı zirvə görüşü ötən gün Cenevrədə baş tutub. Zirvə görüşündən sonra keçirdiyi mətbuat konfransında tərcüməçi vasitəsilə danışan Putin görüşü "konstruktiv" olaraq xarakterizə edib və "heç bir düşmənçilik olmadığını" deyərək, ABŞ liderini "konstruktiv bir şəxs, balanslı və təcrübəli siyasətçi" adlandırıb. Putin gərginliyi azaltmaq üçün Baydenlə səfirlərini vəzifələrinə qaytarmaq barədə razılığa gəldiklərini deyib. ABŞ səfiri Con Sallivan və Rusiya səfiri Anatoli Antonov bu ilin əvvəlində ABŞ-Rusiya münasibətlərinin pisləşməsi fonunda geri çağırılmışdılar. Onların hər ikisi də görüşün P+5 hissəsinə qatılıb. Putin hər iki tərəfin də strateji sabitlik və kiber təhlükəsizlik mövzusunda məsləhətləşmələrə başlayacağını deyərək, nüvə gücləri kimi ABŞ və Rusiyanın münasibətləri qorumaq üçün xüsusi məsuliyyət daşıdığını qeyd edib. Ukraynanın NATO-ya üzvlüyü və Putinin tənqidçisi Aleksey Navalnı məsələsi diqqət çəkən məqamlar olub. “Bu şəxs Rusiyanın qanunlarını pozduğunu bilirdi. İki dəfə mühakimə olundu” - deyə, Putin Navalnı haqda danışarkən bildirib. Bunu edərkən Rusiya lideri müxalif fəalının adını ucadan səsləndirməmək vərdişinə sadiq qalıb. Rusiyanın rəsmi mövqeyini təkrarlayan Putin Navalnının keçən il məlum şəkildə “Noviçok” maddəsindən zəhərləndikdən sonra huşsuz halda xaricə getməsi və tələb olunduğu kimi Rusiya rəsmiləri ilə görüşə bilməməsi ilə zaminlik şərtlərini pozduğunu deyib. Putin Ukrayna məsələsinin də müzakirə edildiyini bildirib. Ancaq Kiyevin NATO-ya üzvlüyünə gəlincə, Rusiya prezidenti "Mən orada müzakirə ediləcək bir şey olmadığını düşünürəm" deyib. Baydenin NATO liderləri ilə bazar ertəsi sammitindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun ölkəsinin ittifaqa qoşula biləcəyi ilə razılaşdığını bildirib və bu, bəzi təhlilçilərin Putinin çərşənbə sammitini ləğv edə biləcəyinə dair düşüncələrinə səbəb olmuşdu. ABŞ Prezidenti Co Bayden də Cenevrədə rusiyalı həmkarı ilə görüşdən sonra jurnalistlər önündə çıxış edib. Müxbirlərə müraciət edən Bayden xarici liderlərlə üz-üzə görüş keçirməyin əhəmiyyətini vurğulayıb. Baydenin sözlərinə görə, onun məqsədlərindən biri Putinə ABŞ-ın siyasətinin Rusiyanın əleyhinə yönəlmədiyini bəyan etmək olub. ABŞ lideri qeyd edib ki, görüş müsbət tonda keçib, tərəflər fikir ayrılıqlarını dilə gətiriblər və düşmən tonunda çıxış etməyiblər. ABŞ Prezidenti vurğulayıb ki, sammit zamanı əsas müzakirə mövzularından biri insan haqları olub. O, ABŞ-ın Aleksey Navalnının aqibəti kimi məsələləri qaldırmaqda qətiyyətli olduğunu bildirib. Bayden deyib ki, görüş zamanı o həmçinin Rusiyada amerikalı Pol Uilan və Trevor Ridin saxlanılması məsələsinə də toxunub. Əgər Putin istəyirsə ki, Amerikanın biznes icması Rusiyaya investisiya etsin, o zaman saxlanılan amerikalıları sərbəst buraxsın, Bayden deyib. “Putinin istəyəcəyi ən son şey “soyuq müharibədir” – prezident bəyan edib. Bayden deyib ki, Putinlə söhbət zamanı o qeyd edib ki, Rusiyanın əlində demokratiyaya keçid etmək imkanı var idi, amma bu cəhd uğursuz oldu. Sammitin yekunlarını şərh edən Co Bayden həmçinin elan edib ki, Rusiya liderinin əməlləri Moskvanın dünya səhnəsindəki mövqeyini “zəiflədir.” “Necə göründüyündən asılı olmayaraq, əgər biz onun gördüyü əməlləri etsə idik, - Bayden mətbuat konfransı zamanı deyib. – Bu, var gücü ilə dünya qüdrəti statusunu qoruyub saxlamağa çalışan ölkənin mövqeyini zəiflədir.” Müxbirlərin Cenevrədəki görüşdən sonra Vladimir Putinə etibar edib-etmədiyinə dair sualına cavab olaraq ABŞ Prezidenti deyib ki, hazırda məsələ etibarda deyil, xeyirdədir. “Bilirsiniz, məsələ etibarda deyil. Məsələ xeyirdə və onun təsdiqindədir,” Bayden bildirib. “Köhnə atalar sözündə deyildiyi kimi, pudinqin necə olduğunu anlamaq üçün, onun dadına baxmaq lazımdır. Yaxında öyrənərik.” Amerikanın nümayəndə heyəti, o cümlədən prezident artıq sammitin keçirildiyi məkanı tərk edib. Ağ Evin məlumatına görə, sammit yerli vaxtla saat 17:05-də başa çatıb. Danışıqlar başlamadan Bayden demişdi ki, iki lider əməkdaşlıq və ortaq maraq sahələrini müəyyənləşdirməyə çalışacaqlar. ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşü barəsində mənfi rəy formalaşdıran Amerika mətbuatını da tənqid edib. Bunu o, Cenevrədə ABŞ-a uçmazdan hava limanında jurnalistlərə deyib: “Mənfiyə köklənmisiniz”. Bayden qeyd edib ki, ona sual verilməsi cəhdlərini daha çox mənfi şəkildə başa düşür. “Reportaj hazırlamaq üçün siz neqativə yönəlirsiniz... Heç vaxt pozitiv sual vermirsiniz. Uşaqlar, mən sizi dəli etmək istəmirəm, çünki bilirəm ki, siz mənfi baxışlar əldə etmək istəyirsiniz”, - Bayden belə deyib. O, görüşlə bağlı gələcək gözləntilərini və ya görüşün təfərrüatlarını mətbuatla bölüşməyəcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun