Misirdə "Qawem" onlayn qrupu yüzlərlə qadını seksual şantajdan xilas edib

Misirdə "Qawem" onlayn qrupu yüzlərlə qadını seksual şantajdan xilas edib
22 İyun 2021
Mətni dəyiş
Texnologiya Misirdə minlərlə qadının seksual istismar edilməsini asanlaşdırıb. Digərlərini də eyni taledən xilas etmək üçün gənc misirli oğlan istismarçılarla mübarizəyə həsr olunmuş onlayn qrup yaradıb. Ötən yay Məhəmməd Elyamani keçmiş sevgilisi tərəfindən seksual şantaja məruz qalan və kömək üçün ona müraciət edən 17 yaşlı qızın intihar etməsi xəbərindən dəhşətə gəlib. Qız öz problemi haqda Elyamaniyə xəbər verəndə, Facebook-dan yalnız seksual istismar, şəxsi və gizli materialların yayılması haqda təhdidlərlə bağlı məlumatları paylaşmaq üçün istifadə edən 35 yaşlı ictimai fəal ona polisə müraciət etməsini məsləhət görüb. Növbəti gün o, həmin qızın keçmiş sevgilisinin fotoları onun atasına göndərməsindən sonra intihar etdiyini öyrənib. Elyamani istismarçını məhkəməyə vermək üçün qızın ailəsi ilə əlaqə saxlayanda “Biz qalmaqal istəmirik. O, artıq ölüb” cavabı ilə üzləşib. Günahkarlıq hissi keçirən Elyamani digər qurbanları eyni taledən qurtarmaq üçün əlindən gələni etməyə and içib. 2020-ci ilin iyun ayında o, seksual şantaja məruz qalan qurbanlara kömək etmək üçün Facebook-da "Qawem" (ərəbcə “müqavimət göstərmək”) səhifəsini və qrupunu yaradıb. Bu gün qrupun 250 mindən çox üzvü var. Məhəmməd Elyamani "Qawem" istismarçılarla necə mübarizə aparır? "Qawem" şəbəkəsi 200 könüllüdən ibarətdir. Qadın könüllülər Facebook-dakı qrupu idarə edib qurbanların ismarışlarına cavab verdikləri müddətdə, digərləri istismarçılar haqda məlumat toplayır, lazım gələrsə onların ailələri, həmkarları və işverənlərini də tapırlar. Könüllülər baş verən hadisə haqda xəbər alan kimi istismarçı ilə onlayn əlaqə qururlar. Onlar qurbana qarşı saxlanılan bütün kontentin silinməsini xahiş edir və əməllərinin nəticələrini izah edir, hətta bu barədə ailəsi, dostları və iş yerində məlumat verəcəkləri ilə hədələyirlər. İstismarçıdan materialları silərkən özünü videoya çəkməsi, daha sonra onu "Qawem"-ə göndərməsi və qurbandan üzr istəməsi xahiş edilir. İstismarçılara geri çəkilməsi üçün təzyiq edilir Elyamani deyir ki, bəzi istismarçılar qurbanın tək olmadığını anlayanda geri addım atırlar. “Amma çoxları onların əməllərini ifşa edəcəyimizlə təhdid etməsək buna fikir vermir” – o əlavə edir. “Bəzən biz istismarçı ilə şəxsən görüşmək üçün könüllü göndəririk. Adətən bu könüllünün məhz istismarçı ilə eyni rayondan olmasına çalışırıq”. O deyir ki, bu, həmin şəxsə təzyiq etmək üçündür. “Çox nadir hallarda biz istismarçı təslim olmayanda qurbanın da razılığı ilə polisə müraciət etmişik”. Qrup üzvləri bildirir ki, hazırda onlar gündə 500-ədək müraciət alırlar. Hər həftə isə 200-ədək məsələ həll edilir. Üzvlərin sözlərinə görə, istismarçının geri addım atması üçün bir neçə saatdan həftəyə qədər vaxt tələb olunur.             Randa – "Qawem"-in xilas etdiklərindən biridir 29 yaşlı qız deyir ki, onun məsələsinin həll edilməsinə 3 gün sərf edilib. O, ayrılmaq istədiyini bildirəndən sonra sevgilisi çılpaq şəkillərini paylaşacağı ilə hədələyib. Qurbanlar polisə müraciət etməkdən qorxurlar Misirin ötən il daha çox qadının polisə müraciət etməsinə təşviq məqsədilə seksual zorakılıq qurbanlarının kimliyinin qorunması haqda qanun qəbul etməsinə baxmayaraq, Randa əvvəlki kimi polisə müraciət etməkdən qorxurdu. “Misir İnsan Haqları Təşəbbüsü” müstəqil təşkilatının vəkili Əzizə Eltavilin sözlərinə görə, Randa hisslərində haqlı idi. Əzizə Eltavil Eltavil bildirir ki, bir çox qurbanlar xəbərlərin KİV, yaxud internetdə yayılacağından, ailələrinə çatacağından qorxduqları üçün polislə danışmaqdan çəkinirlər. “Hərdən şübhəlinin vəkili və ailəsi qurbanı ləkələməyə və nüfuzdan salmağa çalışır”, o deyir. Bundan əlavə, Eltavilin sözlərinə görə, məhkəmə prosesi adətən uzanır və 18 yaşına çatmamış qurbanlar rəsmi müraciəti öz qanuni qəyyumları vasitəsilə etməlidirlər. Bu, gənc qurbanları hadisələrlə bağlı məlumat verməkdən çəkindirir. Çünki onlar bunu öz ailələrinə danışmaqdan həddən artıq qorxurlar. Seksual şantajla bağlı işlərlə məşğul olan hüquqşünas Yasser Saad deyir ki, Misir qanunları qurbanları seksual istismardan qoruyur və istismarçıları cərimələr, həbs cəzaları və sairə ilə cəzalandırır. Amma qanunun tətbiqi və müraciətin edilməsi proseduru problematik olaraq qalır. Saadın sözlərinə görə, müraciətin edilməsi ilə istintaqın başlaması arasındakı müddət istismarçıya təhdidini reallaşdırmaq üçün imkan verir. Həmçinin polis bölmələrindəki kişi mentaliteti bu tip cinayətlərdə adətən qurbanları günahkar hesab edir. 30 yaşlı Nurhan deyir ki, ötən ilin oktyabrında rəsmi şəkildə seksual istismar haqda müraciətindən sonra, Misirin cənubundakı Asyut əyalətinin polislərinin onun keçmiş nişanlısını sorğuya çağırmaları 40 gün çəkib. Eltavilin sözlərində görə, şikayətin edilməsi ilə istintaqın başlaması arasındakı müddət “polisin şübhəlinin IP ünvanını nə qədər tez əldə etməsindən və lazımi araşdırmanı bitirməsindən” asılıdır. Nurhan deyir ki, onun keçmiş nişanlısının nəticədə geri addım atmasına baxmayaraq, əgər təhdidlərini reallaşdırsaydı, onu öldürə bilərdilər. Cənubi Misir öz konservativ və patriarxal cəmiyyəti ilə məşhurdur və qadının əxlaqsız davranışlarına görə öldürüldüyü namus qətlləri adlanan cinayətlər adi hal hesab edilir. Bəzi hadisələr Qawem-in əhatəsi xaricindədir. Elyamani etiraf edir ki, Qawem üçün ən çətin problem qurbanın şantajçısını tanımaması zamanı olur. “Bəzi qadınlar telefonlarından bütün foto və videoları sildikdən sonra onu satırlar. Amma xəbərləri yoxdur ki, telefonun yeni sahibi xüsusi proqramlar vasitəsilə silinmiş materialı bərpa edə bilər. Bundan sonra həmin qadınları telefonların tanımadıqları yeni sahibləri şantaj etməyə başlayır”, o deyir. Belə hallarda o, qurbanlara dərhal polisə müraciət etməyi məsləhət görür. Elyamani qeyd edir ki, onlar cinayətkar dəstələrin iştirak etdiyi işlərə də baxmırlar. “Bəzi hallarda qadınlar modellik karyerası haqda saxta reklamların qurbanı olurlar. Belə reklamlarda qadınlardan açıq-saçıq fotolarını göndərmək xahiş olunur. Daha sonra onları şantaj edirlər” – o deyir. Elyamani bildirir ki, pandemiya ərzində pul tələbi halları daha tez-tez baş verirdi. Amma ekspertlərin fikrincə, Qawem-in fəaliyyəti diqqətləri cəlb etməyə davam edəcək. Qahirənin şimal-şərqindəki Zagazig universitetinin müəllimi Əhməd Abdulla deyir ki, “ərəb ölkələrində çoxları problemləri ali məhkəməyə müraciət etmək əvəzinə, ənənəvi metodlarla həll etməyə üstünlük verirlər”. “Qurbanın istədiyi yeganə şey şantaj edildiyi materialların heç bir qalmaqal olmadan silinməsidir. Əgər qeyri-rəsmi üsul effektiv olacaqsa, ondan istifadə edəcəklər”, - o əlavə edib. * Qurbanların istəyi ilə adlar dəyişdirilib  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun