Məhkəmələr "əsassız vəsatət və şikayət" verən vəkili cərimələyə biləcəklər

Məhkəmələr "əsassız vəsatət və şikayət" verən vəkili cərimələyə biləcəklər
25 İyun 2021
Mətni dəyiş

Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası istiqamətindəki tədbirlər çərçivəsində hazırlanıb.

Dəyişikliklə Məcəlləyə yeni - 174.5-ci maddə əlavə edilib. Yeni maddəyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bununla yanaşı, Dəyişikliklə Məcəlləyə yeni - 438-1-ci maddədə əlavə edilir. Yeni maddəyə əsasən, Ali Məhkəmənin Plenumu işə birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.

Əlavə olaraq, “Dövlət rüsumu haqqında” qanuna bəzi dəyişikliklər təklif olunur.

Dəyişikliklə qanunun məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri ilə bağlı 8-ci maddəsi yeni redaksiyada verilir.

Dəyişikliyə əsasən dövlət rüsumu tutulmalı olan hərəkətlər yenidən sistemləşdirilir, həmçinin qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu diferensial qaydada müəyyən olunur və məbləğlərə yenidən baxılır. Nəzərdə tutulmuş dövlət rüsumlarının 50 faizi Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin, müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək və bu vəsait məhkəmə aparatlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, məhkəmənin maddi təminatının yaxşılaşdırılmasına yönəldiləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun