Bu gün səhər saatlarında Kəlbəcər rayonunda minaya düşərək xəsarət alan AzTV-nin rejissoru Emin Məmmədovun son durumu açıqlanıb.
Bu barədə E.Məmmədov özü AzTV-nin efirində canlı bağlantıya qoşularkən deyib.
Durumunun stabil və normal olduğunu deyən rejissor müayinə və müalicə olunduğunu bildirib: "Səhər tezdən bizi hospitala yerləşdiriblər, müayinə və müalicə ediblər. Sinəmi və digər nahiyələri yoxladılar, heç bir sınıq yoxdur, normaldır”.
E.Məmmədov həmçinin bildirib ki, hadisə nəticəsində xəsarət alanlardan biri - icra nümayəndəsi isə reanimasiyaya yerləşdirilib və vəziyyəti ağırdır.
Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.