21 İyun 2021
Mətni dəyiş
Üç aydan artıqdır ki, Bakının Səbail rayonundakı “Jurnalistlər şəhərciyi”nin sakinləri Prezidentə müraciət edib.
2013 və 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin açılışını etdiyi binalarda mənzil hədiyyə almış jurnalistlərdən 30 nəfərinin imzaladığı məktubda ləğv edilmiş KİVDF-nin fəaliyyəti dövründə müəyyən edilmiş qaydada, yəni mənzillərin "Jurnalist evi" MMC-nin mülkiyyətinə keçirilib, daha sonra isə mənzil sahibinə bağışlama proseduru ilə verilməsinin qanuna zidd və məntiqsiz olması diqqətə çatdırılıb. Jurnalistlər məsələnin həm mənəvi tərəfinə - Prezidentin bağışladığı mənzilləri nəyə görə formal olaraq "Jurnalist evi" MMC-nin rəhbərinin hədiyyə etməsinə, həm də 278,5 manat dəyərində "bağışlanma müqaviləsi" ödənişinin anlaşılmazlığını dilə gətiriblər. Lakin xeyli vaxt keçməsinə və ictimailəşdirilməsinə baxmayaraq problem hələ də həllini tapmayıb. Məsələdən xəbər tutan Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri – hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Dilarə Əfəndiyeva və Əvəz Həsənov da ölkə başçısına müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, mənzillərin jurnalistlərin mülkiyyətinə verilməsi istiqamətində məmurlar - o sahəyə cavabdeh olan şəxslər tərəfindən problemlər yaradılıb və yaradılmaqda davam edir: "Belə ki, KİVDF-nin xeyir-duası ilə jurnalistlərə Sizin tərəfinizdən hədiyyə edilən evin sənədləşdirilməsini "Jurnalist evi" MMC həyata keçirib. Həmin MMC indiyə qədər iki binanın 360 sakini ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) əldə etdiyi sənəd əsasında rüsum (287,5 manat) ödəmək şərtilə notariat qaydada bağışlanma müqaviləsi imzalanıb. Sizin tərəfinizdən jurnalistlərə hədiyyə olaraq verilən evlərin yenidən "Jurnalist evi" MMC tərəfindən jurnalistlərə müqavilə əsasında "bağışlanmasının" hüquqi izahını tapmaq çox çətindir.
Bu gün həmin binalarda 50 mənzilin sahiblərinə çıxarış (kupça) verilməsi məsələsi indiyə kimi öz həllini tapmayıb. Jurnalistlər Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinə müraciət etmələrinə baxmayaraq, məsələnin həlli hələ ki mümkün olmayıb".
Hüquq müdafiəçiləri müraciətlərini “Möhtərəm cənab Prezident, Sizdən rica edirik ki, hədiyyə etdiyiniz mənzillərə çıxarış ala bilməyən jurnalistlərin mənzillərinə çıxarışların təmin olunması prosesinin tezləşdirilməsi və məsələnin araşdırılması ilə bağlı göstəriş verəsiniz” cümləsiylə bitiriblər.