İranda aclıq aksiyasına başlayan azərbaycanlı məhbusların sayı 11-ə yüksəldi

İranda aclıq aksiyasına başlayan azərbaycanlı məhbusların sayı 11-ə yüksəldi
15 İyun 2021
Mətni dəyiş
İranda mühakimə olunmuş daha üç fəal Ərdəbil şəhərindəki həbsxanada cəza çəkən azərbaycanlı məhbusların aclıq aksiyasına qoşulub. “Anadolu” agentliyinin məlumatına görə, ilk olaraq aclığa iyunun 12-də azərbaycanlı fəal Abbas Lisani başlayıb. O, Ərdəbil həbsxanasında cəza çəkir. Yerli mənbələrin məlumatına görə, Tehran həbsxanasında cəza çəkən azərbaycanlı fəallar Siyamək Mirzayi, Kiyanuş Aslani və Bəhnam Şeyxi öz qohumları ilə telefon söhbətində aclığa başlamaq niyyətində olduqların bildiriblər. Bununla da məhkumlar Ərdəbil həbsxanasında məhbusların başladıqları aclığı dəstəkləyiblər. Beləliklə, İranda aclıq aksiyasına başlayan azərbaycanlı məhbusların sayı 11 nəfərə çatıb. Etiraza "məişət cinayətlərinə görə mühakimə olunanların siyasi məhbusların kameralarında saxlanılması, həbsxana personalı tərəfindən amansız rəftar və hakimiyyətin siyasi məhbusların hüquqlarına laqeydliyi" səbəb olub. Tezliklə aksiyanı digər fəal Yusuf Kari də dəstəkləyib. Ötən gün Kari və Lisani bildiriblər ki "ölüm aclığı”na başlayıblar. Sonra aclığa Tehran həbsxanasının məhbusları Xalid Pirizadə, Hüseyn Haşimi və Məhəmməd Türkmani qoşulub. İranda yaşayan etnik azərbaycanlılar doğma dillərində təhsil almaq kimi konstitusiya hüquqlarının təminatı ilə bağlı təzyiqlərə məruz qalırlar. İranda 30 milyona yaxın azərbaycanlı var və onlar farslardan sonra ikinci titullu etnik qrup sayılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun