Fransa lezbiyan cütlüklər və subay analar üçün süni mayalanmanı qanuniləşdirir

Fransa lezbiyan cütlüklər və subay analar üçün süni mayalanmanı qanuniləşdirir
30 İyun 2021
Mətni dəyiş
Fransa subay qadınların və lezbiyan cütlüklərin süni mayalanma və sperma, yumurtalıq donorluğu vasitəsilə hamilə qalmalarına icazə verməyə hazırlaşır. Bununla bağlı hazırlanan layihənin Prezident Emmanuel Makronun lideri olduğu “Proqressiv Respublika” partiyasının çoxluq təşkil etdiyi Milli Məclisin təsdiqi ilə qanuniləşdirilməsi gözlənilir. İctimai araşdırma şirkəti “Ifop”-un son sorğusuna görə, fransızların 67%-i dəyişikliyi dəstəkləyir. Ölkədə mövcud qanunlar bu müalicə üsullarından yalnız heteroseksual cütlüklərin yararlanmasına icazə verir. Fransada bundan yararlana bilməyən qadınlar yüksək məbləğlər ödəyərək Belçika və İspaniyaya getməli olurdular. Hökumətin hazırladığı qanun layihəsi ilə Senatda 1500-dən çox dəyişiklik edilib. Layihə Fransa Parlamentinin alt qanadı olan Milli Məclisin təsdiq edəcəyi təqdirdə qanuniləşəcək. Fransa bununla lezbiyan cütlüklər və subay ana olmaq istəyənlərin haqlarını tanıyan 10 Avropa Birliyi ölkəsi və İngiltərəyə qatılmış olacaq. Belçika və İspaniyadan başqa, Danimarka, Finlandiya, İrlandiya, Lüksemburq, Malta, Hollandiya, Portuqaliya və İsveç, Avropa Birliyi xaricindən isə İslandiya və Norveç də bənzər haqları qanuniləşdirib. “Uzun müddətdir bunu gözləyirdik” Layihə təsdiqlənərsə Fransada 43 yaşdan aşağı bütün qadınlar süni mayalanma daxil sonsuzluğun bir sıra müalicə şəklindən pulsuz istifadə edəcəklər. Sperma donorluğu vasitəsilə doğulan uşaqlar yetkinlik yaşlarına çatanda donorların şəxsiyyətini öyrənə biləcəklər. Mövcud qanunlar isə donorların anonim qalmasını tələb edirdi. Fransa Beynəlxalq Səhiyyə Sığortası Şirkəti “L'Assurance-maladie”-yə görə, 2018-ci ildə ölkədə 25120 körpə 150000 reproduktiv prosedur vasitəsilə dünyaya gəlib. Bu göstərici bütün doğuşların 3,3 faizini təşkil edir. Layihə təsdiqlənərsə doğulan körpənin doğum haqda şəhadətnaməsində həm bioloji anası, həm də partnyorunun adı valideyn olaraq yazılacaq. “La Dépêche” qəzetinə müsahibə verən lezbiyan ana Maqali Şampetye uzun zamandır bunu gözlədiklərini deyib. “Bioloji saat səbəbilə bu, bir çox qadın üçün artıq çox gecikmiş bir qanundur”, o bildirib. Şampetyenin partnyoru reproduktiv prosedur üçün İspaniyaya gedən qadınlardan biridir. Cütlüyün iki övladı var. “Uşağın qanuni valideyni ola bilmək üçün evlənməli və bir il gözləməli idim. Bu qanun stresi aradan qaldıracaq və prosedur ölkə xaricində müalicələrdən fərqli olaraq ödənişsiz baş tutacaq”, Şampetye deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun