Ermənistan hərbçiləri sülhməramlıların onları yoxlamadan Qarabağa buraxdıqlarını deyiblər

Ermənistan hərbçiləri sülhməramlıların onları yoxlamadan Qarabağa buraxdıqlarını deyiblər
29 İyun 2021
Mətni dəyiş
İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin dekabrında əsir götürülmüş 14 erməni hərbçinin işi üzrə iclas davam etdirilib. İclasda təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar saxlanma şəraitindən şikayətlərinin olmadığını və onlara qarşı təzyiq göstərilmədiyini bildiriblər. Müttəhim Qevorq Asertyan deyib ki, 2020-ci il noyabrın 27-də onları Gümrüdə yerləşən hərbi komissarlıqda toplayaraq Laçına gətiriblər. Orada podpolkovnik Arsen Qazaryan Rusiya sülhməramlıları ilə nə isə danışıb və avtobusu yoxlamadan buraxıblar, deyə müttəhim bildirib. Daha sonra onları yük maşınları ilə dağlara aparıblar və posta endirərək, mövqeləri müdafiə etməyi əmr ediblər. Qrup 10 gündən çox orada qalıb, dekabrın 13-də mövqelərdən aşağı enmək əmri verilib. “Yolda biz azərbaycanlı hərbçilərlə qarşılaşdıq və təslim olduq”, deyə Asertyan bildirib. Qrupun digər üzvü Volodya Akopyan da bildirib ki, Gümrüdən Laçına gəlib, burada Rusiya sülhməramlıları onları buraxıblar. O da bir neçə gün mövqelərdə qaldıqlarını, daha sonra aşağı enmək əmri aldıqlarını və əsir götürüldüklərini bildirib. “Biz 60 nəfər idik və silahlarımızı buraxıb təslim olduq”, deyə o bildirib. Digər müttəhim Mkrtıç Minasyan bildirib ki, Laçında Rusiya sülhməramlıları onları buraxıb, erməni zabit isə dağlardakı mövqeləri tutmaq əmri verib. “Podpolkovnik Kazaryan Azərbaycan əsgərləri bizim mövqelərimizə yaxınlaşacağı təqdirdə onlara atəş açmağı əmr edib”, deyə müttəhim bildirib. Daha bir müttəhim Yuri Karapetyan və digərləri də buna bənzər ifadələr veriblər. Xatırladaq ki, erməni ordusunun sayı 60 nəfərdən çox olan bu hissəsi 2020-ci il dekabrın 13-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin və Silahlı Qüvvələrin xüsusi təyinatlı qüvvələrinin antiterror əməliyyatı zamanı əsir götürülüb. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi – terrorçuluq, sərhədi qanunsuz keçmə və s. maddələr ilə ittiham irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun