Dünyanın ən nəhəng ət şirkəti rus hakerlərin hücumuna məruz qalıb

Dünyanın ən nəhəng ət şirkəti rus hakerlərin hücumuna məruz qalıb
2 İyun 2021
Mətni dəyiş
Dünyanın ən böyük ət emalçısı JBS şirkəti bəzi istehsalat əməliyyatları dayandırıb. Buna səbəb reketçi haker hücumudur. Bu hücumun Rusiyada mənzillənmiş kiberkriminallar tərəfindən həyata keçirildiyi düşünülür. Ağ Evin sözçüsü Karin Jan-Pyer iyunun 1-də bildirib ki, şirkət ABŞ hökumətinə “Rusiyada yerləşən kriminal təşkilatdan reket tələbi aldığı barədə məlumat verib”. Braziliyada fəaliyyət göstərən və Şimal Amerika, Avstraliya, Latın Amerikası, Avropaya ət və ət məhsulları ixrac edən JBS mayın 31-də bildirib ki, onun Şimali Amerika və Avstraliyadakı IT sistemlərinin serverləri kibermüdaxiləyə məruz qalıb. Şirkət bildirir ki, hücumdan təsirlənmiş bütün sistemlərin dayandırılması üçün cəld hərəkətə keçilib və hazırda hökumət və üçüncü tərəf ekspertləri ilə situasiyanın çözümü üzərində iş gedir. JBS əlavə edib ki, şirkətin ehtiyat serverləri təsirlənməyib və ehtimalən müdaxilə hər hansı məlumatın oğurlanmasına və ya bu məlumatdan qanunsuz istifadəyə səbəb olmayıb. Şirkət qeyd edir ki, ekspertlərin bu problemin üzərində işlədikləri müddətdə bir sıra müştərilər və təchizatçılarla müəyyən əməliyyatlar ləngiyə bilər. Bundan üç həftə əvvəl ABŞ-ın ən böyük enerji kəməri olan Colonial Pipeline da Rusiyada yerləşən kriminalların haker hücumuna məruz qalmışdı. Bunun nəticəsində ABŞ-ın şərq sahili hissəsində benzin çatışmazlığı yaranmışdı. Bildirilir ki, Colonial kəməri problemin həlli üçün kriminallara kriptovalyuta ilə 5 milyon dollar girovpulu ödəyib. Reketçı haker hücumları zamanı hər hansı hədəfin datası rəqəmsal qaydada şifrə ilə kilidlənir və bundan sonra kriminallar deşifrə üçün kilid açarının müqabilində girovpulu tələb edirlər. Bu hücumlar çox vaxt Rusiyadan kənarda əməliyyat aparan kriminal sindikatlar tərəfindıən həyata keçirilir. Kibercinayətkarlar adətən hökumətləri və ölkələrin həyati mühüm infrastrukturunu hədəfləyirlər. Colonial kəmərinə hücumdan sonra ABŞ prezidenti Co Bayden demişdi ki, iyunun 16-da prezident Vladimir Putinlə Cenevrədə keçiriləcək görüşündə Rusiyanın reketçi kriminalları himayə etməsi məsələsini qaldıracaq. Xanım Jan-Pyer deyib ki, Ağ Ev bu məsələni birbaşa Rusiya hökuməti ilə müzakirə edir və Moskvaya “məsuliyyətli dövlətlərin reketçi caniləri himayə etmədiyi barədə birbaşa mesaj” verir. JBS şirkətinə hücumu da ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) araşdırır. JBS üzərinə hücumun nəticələri artıq özünü büruzə verir. Xəbər verilir ki, şirkətin Avstraliyadakı biznesi iflic vəziyyətinə düşüb və Birləşmiş Ştatlardakı bir neçə sallaqxana hasilatı dayandırmalı olub. Ümumilikdə hadisədən ABŞ-ın ət təchizatının beşdə biri təsirlənib. Bu da bildirilir ki, əgər təchizatda fasilə uzanarsa, ət və ət məhsullarının qiymətləri qalxa bilər. Birləşmiş Ştatlar son aylarda daha iki böyük haker həmləsinə məruz qalıb. SolarWinds şəbəkəsinə haker hücumu ABŞ hökumətinin və özəl sektorun serverlərinə müdaxilə ilə nəticələnib. Daha bir hücuma Microsoft şirkətinin elektron poçt sistemləri məruz qalıb. ABŞ hökuməti SolarWinds üzərinə hücuma görə Rusiya dövlətinə bağlı hakerləri ittiham edir. Microsoft isə Çin kibercasusluq kompaniyasının hücumuna məruz qaldığını bildirib.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun