Camal Qaşıqçını öldürənlərdən dördü ABŞ-da təlim alıb - New York Times

Camal Qaşıqçını öldürənlərdən dördü ABŞ-da təlim alıb - New York Times
23 İyun 2021
Mətni dəyiş
Amerikanın New York Times (NYT) qəzeti 2018-ci ilin oktyabr ayında səudiyyəli jurnalist Camal Qaşıqçını İstanbulda öldürən komandadan 4 nəfərin bir il əvvəl ABŞ-da təlim aldığını iddia edib. Qəzet dörd nəfərə verilən xüsusi təlimlə bağlı razılaşmanın ABŞ Xarici İşlər Nazirliyi tərəfindən təsdiqləndiyini önə sürüb. New York Times-a görə, təlimi xüsusi maliyyə fondu olan “Cerberus Capital Management”-ə aid "Tier1 Group" adlı şirkət keçib. Nəşr təlimin müdafiə məqsədi ilə keçirildiyini və Səudiyyə liderlərinin qorunması üçün təşkil edildiyini yazıb. ABŞ XİN sözçüsü Ned Prays isə mövzu haqqında açıqlamasında amerikan qanunlarına görə, nazirliyin mediada yayımlanan bu tip məlumatlar və iddialarla bağlı şərh vermədiyini söyləyib. Ned Prays ABŞ-ın Səudiyyə Ərəbistanı ilə bağlı siyasətinin “hüququn üstünlüyünə və insan haqlarına hörmətə üstünlük verilməsi üzərində qurulduğunu” qeyd edib. Səudiyyə Ərəbistanı və Cerberus Capital Management isə xəbərlər bağlı hər hansı açıqlama verməyiblər. Amerikanın Washington Post qəzetinin yazarı Camal Qaşıqçı Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd bin Salmanı tənqid edən çoxsaylı məqalə qələmə alıb. Jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. Fevral ayında yayımlanan ABŞ kəşfiyyatının hesabatında Məhəmməd bin Salmanın Qaşıqçının yaxalanması, ya da öldürməsi haqda tapşırıq verdiyi qeyd edilib. "Cerberus Capital Management"-in baş direktoru Luis Bremer ötən il ABŞ Konqresi üzvlərinin suallarına verdiyi yazılı cavabda şirkətinin bəzi səudiyyəlilərə Amerikada təlim keçdiyini qəbul etmişdi. Lakin Tramp administrasiyası yazılı cavabı Konqresə göndərmədiyi üçün mövzu ictimaiyyətlə paylaşılmamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun