Böyük Yeddilər tarixi razılıq əldə etdi

Böyük Yeddilər tarixi razılıq əldə etdi
7 İyun 2021
Mətni dəyiş
Dünyanın bir qrup zəngin ölkəsi şənbə günü ən nəhəng şirkətlərin faydalandığı sərhədlərarası vergi boşluqlarını aradan qaldırmaq üzərində böyük bir razılığa gəliblər. Böyük Yeddilər minimal qlobal korporativ vergi dərəcəsinin ən azı 15 faiz olmasını dəstəkləyəcəyini və vergilərin bizneslərin fəaliyyət göstərdikləri ölkələrdə ödənilməsini təmin etmək üçün tədbirlər görəcəyini bildirib. “G-7-nin maliyyə nazirləri illərlə davam edən müzakirələrdən sonra qlobal vergi sistemini rəqəmsal dövrə uyğun etmək üçün tarixi razılıq əldə ediblər”, Britaniyanın maliyyə naziri Rişi Sunak müxbirlərə bildirib. Gələn ay qlobal sazişin əsasını təşkil edə biləcək bu razılığın məqsədi onillərdir davam edən “güzəştlər yarışı”na son qoymaqdır. “Güzəştlər yarışı”nda ölkələr çox aşağı vergi dərəcələri və istisnalarla nəhəng korporasiyaları cəlb etmək üçün yarışır. Bu isə həmin ölkələrin büdcələrinə yüz milyardlarla dollar bahasına başa gəlib. İndi onlar koronavirus böhranının viran qoyduğu iqtisadiyyatlarını bərpa etmək üçün lazım olan böyük xərcləri ödəmək məqsədi ilə bu itkiləri kompensasiya etməlidirlər. Nazirlər COVID-19 pandemiyası başlayandan bəri ilk dəfə Londonda bir araya gəlir. Reuters-in əldə etdiyi razılığın yekun versiyasında bildirilir ki, G-7 nazirləri “ölkələrə görə minimum 15 faizlik qlobal vergi üzərində fikir birliyi əldə edəcəklər”. Nazirlər həmçinin daha çox şirkəti standart yolla ətraf mühitə təsirlərini etiraf etməyə çalışmaq üzərində də razılıq əldə ediblər. Zəngin ölkələr illər boyu Google, Amazon və Facebook kimi böyük beynəlxalq şirkətlərdən daha çox gəlir əldə etməkdə çətinlik çəkiblər. Bu şirkətlərin çoxu gəlirlərini az və ya heç vergi vermədikləri yurisdiksialarda qeydə alırlar. ABŞ Prezidenti Co Baydenin administrasiyası minimal qlobal korporativ vergi dərəcəsinin 15 faiz olmasını təklif etməklə dalana dirənmiş danışıqlara yeni təkan verib. Bu vergi dərəcəsi İrlandiya kimi ölkələrdəki vergi dərəcəsindən yüksək, G-7 ölkələrindəki ən aşağı vergi dərəcəsindən isə daha azdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun