BMT: İran əhaliyə nəzarət üçün cəza tədbirlərindən istifadə edir

BMT: İran əhaliyə nəzarət üçün cəza tədbirlərindən istifadə edir
24 İyun 2021
Mətni dəyiş
İran rejimi əhalini narazılıqlardan çəkindirmək üçün dövlət tərəfindən dəstəklənən zorakılıq metodlarından istifadə edir. Bu barədə məlumat BMT-nin Baş katibinin İrandakı insan haqlarının vəziyyətinə dair yeni hesabatında yer alıb. Qurumun insan hüquqları üzrə ali komissarı Mişel Baçelet hesabatı BMT-nin İnsan Hüquqları Şurasına təqdim edib. Hesabatda deyilir ki, İranın tənəzzülə uğrayan iqtisadiyyatı, yaşayış səviyyəsinin pisləşməsi və COVID-19 pandemiyasından qaynaqlanan sosial və siyasi gərginliklər xalqın narazılığını və etirazlarını artırır. Bu problemlərə baxmayaraq, hesabatda hakimiyyət orqanlarının lazımi islahatlar aparmaq və ya bu böhrandan irəli gələn vəziyyətə anlayışla yanaşmaq istəyinin görünmədiyi bildirilir. Baş katibin hesabatı göstərir ki, hökumət möhkəm qalmaqdadır və daha sərt cəza nəzarəti tətbiq edir. Baçelet bildirib ki, İran beynəlxalq hüquqa əsasən “ağır cinayətlər” hesab olunmayan hərəkətlər üçün belə edam cəzasından geniş istifadə edir. “İnsan hüquqları qanununa zidd olaraq ölüm cəzaları da tez-tez işgəncə yolu ilə alınan məcburi etiraflar və ya ədalətli mühakimə hüququnun ciddi şəkildə pozulmasından sonra həyata keçirilir. 2020-ci ildə doqquz qadın daxil olmaqla, azı 267 nəfər edam edilib ki, onlardan da yalnız 91-i ictimai şəkildə elan edilib", - deyə Baçelet bildirib. O, təkcə bu il altısı qadın olmaqla 95 nəfərin edam edildiyini, 80-dən çox yetkinlik yaşına çatmayan şəxsin edam hökmünü gözlədiyini, ən azı dördünün edam olunma riski altında olduğunu əlavə edib. Hesabatda etnik, dini və digər azlıqların nümayəndələrinin xüsusilə istismar, məcburi itkin düşmə və edam riski altında olduğu qeyd edilir. Baçelet hesabatda təhlükəsizlik qüvvələri tərəfindən nümayişçilərə və ətrafdakılara qarşı yersiz güc tətbiq edilməsi, həmçinin insan haqları müdafiəçiləri, vəkillər və jurnalistlərin təhdidi, özbaşına tutulması və cinayət təqibinin aparıldığını qeyd edib. "Bu günə qədər təhlükəsizlik qüvvələri etirazçılara qarşı kobud insan hüquqları pozuntularına görə məsuliyyət daşımayıb... İnsan haqları pozuntularına qarşı davamlı cəzasızlıq bir problem olaraq qalır" - deyə Baçelet bildirib. İranın BMT-dəki səfiri İsmail Hamaneh hesabatın siyasiləşdirilmiş, qərəzli və əsassız iddialarla dolu olduğunu deyərək onu rədd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun