Beynəlxalq təşkilatlar Türkiyəni şübhəli bilinənlərin zorla ölkəyə gətirilməsi praktikasına görə qınayır

Beynəlxalq təşkilatlar Türkiyəni şübhəli bilinənlərin zorla ölkəyə gətirilməsi praktikasına görə qınayır
30 İyun 2021
Mətni dəyiş
Beynəlxalq insan hüquqları qrupları Türkiyədə terrorizmdə günahlandırılan insanların xarici ölkələrdən oğurlanması praktikasının artması ilə əlaqədar narahatlıqlarını dilə gətirir. Türkiyənin bir xəbər kanalında Səlahəddin Gülənin qandallı və Türkiyə bayrağı önündə görüntüləri yayımlanıb. Gülən may ayında Türkiyə kəşfiyyat qüvvələri tərəfindən Keniyadan çıxarılıb. O, Türkiyə hakimiyyətinin 2016-cı ildəki çevriliş cəhdinin arxasında olduğunu iddia etdiyi FETÖ qruplaşmasının üzvü olmaqda günahlandırılır. Türkiyə rəsmiləri Gülənin əmisi Fətullahı çevrilişin lideri olmaqda ittiham edir. Fətullah Gülən hadisədə əlaqəsi olduğunu inkar edir. İyun ayının əvvəlində ABŞ-da yerləşən Human Rights Watch təşkilatı Türkiyənin beynəlxalq ekstradisiyadan istifadə, ya da başqa ölkələrdən təqsirləndirilən şəxslərin təhvil verilməsinin artırdığını kəskin tənqid edib. Human Rights Watch təşkilatının nümayəndəsi Emma Sinkleyr Vebb Amerikanın Səsinə fundamental hüquqi təcrübələrin pozulduğunu deyib. "Bunlar ekstradisiya deyil, bu, daha çox aidiyyəti olan şəxsi tutub, məhkəmələrdən və qanuni çərçivələrdən yan keçərək, zorla Türkiyəyə təhvil verilməsinə bənzəyir. Buradakı narahatlıq bu insanların sığınacaq iddialarına, uzun illərdir yaşadıqları ölkələrdə vətəndaşlıqlarına qanunsuz olaraq məhəl qoyulmamasıdır", - deyə Sinkleyr bildirib. Bu il Freedom House təşkilatının hesabatında Türkiyənin azı 31 ölkədən insanları zorla gətirdiyi iddia edilib. Onların əksəriyyəti Ankara tərəfindən çevriliş cəhdində günahlandırılan qruplaşmaya mənsub olmaqda ittiham edilir. Bundan başqa, Qırğızıstandakı bir türk müəllimin yaxınları onun Türkiyə tərəfindən qaçırıldığını iddia edir, Ankara isə ittihamı rədd edir. Duvar xəbər portalının köşə yazarı Sezin Oney Türkiyənin əməliyyatların miqyasının Türkiyənin artan iddiaları və qlobal nüfuzunun göstəricisi olduğunu deyir. Ankara düşmənləri adlandırdığı şəxsləri tapmaq və məsuliyyətə cəlb etmək qərarına sadiq qaldığını bildirərək, onların heç bir yerdə sığınacaq tapmayacağı ilə bağlı xəbərdarlıq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun