Turizm sektoru biznes kreditlərini ödəyə bilmir

Turizm sektoru biznes kreditlərini ödəyə bilmir
19 May 2021
Mətni dəyiş
“Hazırda ölkənin turizm sektorunda biznes kreditlərinin ödənilməsi ilə bağlı çətinliklər var. Analoji problem təkcə otel və restoran şəbəkələrində deyil, turizm agentliklərində də yaşanır. Pandemiyaya qədərki dövrdə, yəni 2017, 2018 və 2019-cu illərdə turizm sektoru sürətlə inkişaf edirdi. Sahibkarlar bizneslərini genişləndirməyə həvəsli idilər. Həmin ərəfədə götürülən kreditlər indiyədək qaytarılmayıb”. Bu sözləri “Report”a Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi deyib. S.Dübəndi bildirib ki, sahibkarlar yaranmış problemlə bağlı müxtəlif instansiyalara müraicət ediblər: "Banklar vəziyyətlə bağlı heç bir güzəştə getmirlər və bu barədə heç bir konsepsiya qəbul olunmur. Məsələ çox ciddidir. Bizdə belə məlumatlar var ki, banklarla sahibkarlar arasında olan çəkişmələr məhkəmə müstəvisinə qədər gedib çatır artıq. Müxtəlif alətlərdən istifadə etməklə bu prosesin qarşısını almaq lazımdır. Problemlə bağlı Azərbaycan Banklar Assosiasiyası və bir sıra dövlət qurumlarına müraicətlər edilib. 2020-ci ildə bu məsələni bir neçə dəfə qaldırsaq da, lazımlı tədbir görülmədi". Assosiasiya rəhbəri hesab edir ki, turizm sektorunda sahibkarlara qarşı bankların müxtəlif güzəştlərə getməsi məqsədəuyğun olar: “Müraciət etdiyimiz yerlərdən bankların işinə qarışa bilmədikləri bildirilir. Biz başa düşürük ki, banklar da qazanc əldə etməlidir. Lakin pandemiya ilə əlaqədar fövqəladə vəziyyət hamıya şamil olunur. Ona görə banklar da bu vəziyyətdə özlərini kənarda saxlaya bilməzlər. Kredit müqavilələrində qeyd olunan fors-major qaydalara bir də baxmaq olar. Hesab edirəm ki, yaranan borcların restrukturizasiya edilməsi də mümkündür. Bu normal və dünyada qəbul olunmuş bir təcrübədir. Banklar borclunun pulu qaytarmaq imkanı olmayanda onun üçün yeni güzəştlər tətbiq edir, kredit faizlərində, müddətində və ya məbləğində dəyişikliklər edirlər və bununla da itkiyə getmirlər. Düşünürəm ki, sahibkarlardan bu cür sərt və kəskin şəkildə ödəniş tələb etməklə banklar heç nə əldə edə bilməyəcəklər”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun