Toylarla bağlı müsbət qərar verilə bilər

Toylarla bağlı müsbət qərar verilə bilər
19 May 2021
Mətni dəyiş
Son günlər koronavirusa yoluxanların sayının azalması fonunda qüvvədə olan bir sıra məhdudiyyətlərin ləğv edilməsiylə bağlı təkliflər səsləndirilir. Müəyyən şərtlər daxilində toyların keçirilməsinə icazə verilməsi, eyni zamanda açıq havada maska qərarının ləğv edilməsi müzakirə edilən əsas məsələlərdir.  "Qafqazinfo" sözügedən müzakirələrlə bağlı Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədovdan açıqlama alıb. Deputat bildirib ki, təəssüf ki, koronavirus pandemiyasının yaratdığı situasiyanın gələcək inkişaf tempini və “COVİD-19”un mümkün yayılma coğrafiyasını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil: "Lakin bugünkü epidemioloji vəziyyət, yoluxanların sayında azalmanın müşahidə olunması nikbin düşünməyə əsas verir. İndi qarşıda duran əsas vəzifə peyvəndləmə prosesinin mümkün qədər sürətlə və effektiv səviyyədə həyata keçirilməsidir. Bu istiqamətdə dövlət qurumları bütün zəruri tədbirləri görür. Artıq karantin rejiminin yumşaldılması istiqamətində müəyyən addımlar atılıb. Məktəblərdə təhsil qismən bərpa edilib.  Azərbaycanda davamlı olaraq təhlillər, müşahidələr aparılır. “Ümumdünya Səhiyyə Təşkilatının standartlarına görə, reanimasiyalarda çarpayı fondunun 60-70 faizi dolarsa, məhdudiyyətlərin tətbiqi zərurətə çevrilir. İndiki halda ölkəmizdə həm stasionar, həm də reanimasiyalarda müalicə alan xəstələrin sayı hələ ki, daha sərt məhdudiyyətlərə əsas yaratmır. Peyvəndlərin tətbiqi, eyni zamanda, vətəndaşlarımızın qaydalara ciddi əməl etməsi sayəsində yumşalmaların davam etməsini gözləmək olar”. Millət vəkili qeyd edib ki, əgər peyvəndlərin tətbiqi uğurla həyata keçirilərsə və kollektiv immunitetin formalaşması üçün zəruri olan həddə çatarsa idman zallarının açılması, ictimai nəqliyyatın fəaliyyətinin tam şəkildə bərpası gözlənilə bilər: "Eyni zamanda, məhz epidemioloji vəziyyətə uyğun olaraq toy şənliklərinə müəyyən şərtlərlə icazə verilməsi, açıq havada maskadan istifadə məhdudiyyətinin ləğvi mümkündür. Lakin bu, həm COVİD-19-un belə demək mümkünsə, özünü necə aparmasından, həm peyvəndlərin tətbiqi səviyyəsindən, həm də bizim davranışlarımızdan asılıdır. Əlbəttə ki, məhdudiyyətlər insanları xeyli dərəcədə yorub, psixoloji diskomfort yaradır. Lakin təəssüf ki, özümüzü, ətrafımızı qorumaq üçün buna məcburuq. Ona görə də, biz hər zaman ehtiyatlı və diqqətli davranmalıyıq”. Deputat qeyd edib ki, məhdudiyyətlərin qalması dövlətin də marağında deyil, bu sadəcə yaranmış situasiyanın diktə etdiyi məcburiyyətdir. Onun sözlərinə görə, epidemioloji vəziyyət bu cür davam etdiyi, payız aylarında peyvəndlənmə prosesində hədəfə çatmaq mümkün olduğu halda ciddi yumşalmaların olması, yenidən normal həyat tərzinə qayıtmaq mümkün ola bilər. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov da toylara icazə verilməsinin mümkünlüyündən danışıb. Deputat bildirib ki, açıq havada toy mərasimləri keçirilməsi ilə bağlı qərar verilə bilər: “Yay mövsümünə girdiyimiz zaman açıq havada bəlli insan sayı məhdudiyyəti qoyulmaqla, eləcə də daha əvvəlki illərdə əslində mənfi olaraq qiymətləndirdiyimiz böyük şadlıq evlərinin olmasının bu dönəmdə gətirə biləcəyi avantajlardan faydalana bilərik. Bunlar da 500-600 nəfər tutumu olan şadlıq evlərində onun ortalama 4\1 həcmində, 100-150 nəfərlik insanlarla epidemiolojik vəziyyətə uyğun məsafənin saxlanılması və bir çox amili nəzərə alaraq, toy mərasimlərinin keçirilməsiylə əlaqədar qərarlar da verilə bilər”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun