Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsil müəssisələrinin rəhbərlik və kollektivi arasında daxili keyfiyyət təminatı sisteminin mövcud vəziyyətini təhlil etmək, təlimin ehtiyac və istəklərini müəyyən etmək, agentliyin metodiki dəstək xidmətlərinə dair təklifləri ilə tanış olmaq üçün anonim sorğu keçirir.
Universitetlərdəki istənilən vəziyyəti öz təhsil proseslərində birbaşa hiss edən tələbələrin niyə sorğuya cəlb olunmaması isə maraq doğurub. Abzasmedia bu suallara cavab tapmağa çalışıb.
"Tələbələr, eləcə də məzunlar üçün də sorğu hazırlanır"
Təhsildə Keyfiyyət Təminatı Agentliyi sorğumuza cavab olaraq bildirib ki, ali təhsil müəssisələrində təhsil alan tələbələr, eləcə də məzunlar üçün də sorğu hazırlanır və qısa zamanda həmin sorğu sosial şəbəkə və digər media kanalları vasitəsi ilə yayımlanacaq. Agentlik əlavə edib ki, bununla da ali təhsil müəssisələrinin əməkdaşları və təhsilalanların sorğuda iştirakı zamanı qeyd etdiyi cavablar təhlil olunaraq hər bir ali quruma dair hesabat hazırlanacaq.
"Yayımlanmış sorğu sadəcə ali təhsil müəssisələrinin rəhbərliyi deyil, əməkdaşları arasında da aparılır (sorğuda qeyd olunan suallar bunu aydın əks etdirir). Bənzər sorğu yuxarıda qeyd olunduğu kimi, təhsilalanlar arasında da aparıldıqdan sonra təhsil müəssisələrinin müqayisəli təhlilinin cari vəziyyəti ortaya qoyacağına inanırıq", - deyə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) mətbuat xidməyti bildirib.
Praktikada isə hər şey fərqlidir
İnternet üzərində kiçik araşdırmalardan sonra məlum olur ki, Azərbaycanda tələbələr arasında sorğu praktikası geniş yayılmayıb. Əvvəllər müxtəlif Qeyri-hökumət təşkilatları (QHT) müxtəlif universitetlərdə belə sorğular aparsalar da, bu da kiçik qrup arasında baş tutub və nəticələri şübhə doğurub.
Məsələn, bundan əvvəl “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkənin aparıcı ali təhsil müəssisələrindən sayılan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 200 yaxın tələbənin iştirakı ilə anonim sorğu keçirib. Sorğunun məqsədinin ali məktəbdəki gerçək duruma tələbələrin gözü ilə baxmaq, rəy, təklif və fikirlərini öyrənmək, obyektiv təhlil aparmaq olduğu bildirilsə də, bu, bir az şübhəlidir.
Sorğunun ümumi nəticələrinə əsasən, tələbələrin böyük əksəriyyəti ADPU-da təhsilin səviyyəsindən, tədris prosesində və sessiya imtahanları zamanı mövcud olan şəffaflıqdan, imtahan suallarının mövzulara müvafiq formada hazırlanmasından razıdırlar. Respondentlərin böyük əksəriyyəti birmənalı olaraq müəllimlərin tədris etdiyi fənnə olan məsuliyyətindən, tələbə-müəllim münasibətlərindən, tələbənin biliklərinin obyektiv və vaxtında qiymətləndirməsindən, təhsil və ya imtahan prosesi zamanı narazı qaldıqları hallarda şikayətləri ilə bağlı çıxarılan qərarlardan razı qaldıqlarını bildiriblər.
Ancaq müxtəlif vaxtlarda mətbuatda gedən yazılarda ADPU ölkədə rüşvət yuvasına çevrilmiş 5 universitetdən biri kimi göstərilir.
"Tələbələrin sorğularda iştirakında həm hökumət, həm də universitet rəhbərliyi maraqlı deyil"
Təhsil eksperti Nabatəli Qulamoğlu deyir ki, universitetlərin sosial bazaları tələbələr olmalıdır, müəllimlər və ya rəhbər heyəti yox.
Onun sözlərinə görə, xarici praktikada belədir ki, əgər universitetlərdə tələbələrin kompüterdən istifadə şəraiti ilə bağlı sorğu aparılırsa, bunu tələbədən soruşurlar, müəllimdən yox.
"Əvvəllər də Azərbaycanda belə sorğular aparan təşkilatlar olub. Onlar hökumətə yaxın və ya hökumətin tabeliyində olan qurumlar olduğuna görə, sorğuların nəticələri ciddi qəbul olunmayıb. Belə sorğuları müstəqil təşkilatlar aparmalıdır. Ancaq çox təəssüf ki, bu təşkilatlar da yoxdur", - deyə o, əlavə edib. Ekspert deyir ki, tələbələrin sorğularda iştirakında həm hökumət, həm də elə universitet rəhbərliyi maraqlı deyil. Çünki hökumət təhsildəki, universitet rəhbərliyi də universitetdəki vəziyyətin bilinməsini istəmir.
"Ümumiyyətlə, bu sorğularla heç nəyi aydınlaşdırmaq olmaz. Heç kim üçün də maraqlı deyil. Əmin olun ki, sabah nəticələr açıqlansa da, heç kim açıb ona baxmayacaq. Azərbaycan universitetlərinin vəziyyəti elədir ki, heç beynəlxalq reytinqlərə də düşmürlər. Yalnız Xəzər Universitetidir ki, orada tələbəyə, təhsilə qiymət verilir. Təəssüf ki, oranı da pis günə qoyurlar", - deyə ekspert Nabatəli Qulamoğlu bildirib.