Svetlana Tixanovskaya yeni aktiv etirazlar mərhələsinə başlanıldığını dedi

Svetlana Tixanovskaya yeni aktiv etirazlar mərhələsinə başlanıldığını dedi
26 May 2021
Mətni dəyiş
Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya ölkədə yeni etiraz dalğasına hazırlıq barədə məlumat verib. Ona Koordinasiya Şurası, Xalqın Böhranla Mübarizə İdarəsi, keçmiş prezidentliyə namizədi Valeri Tsepkalonun qərargahı və Belarus müxalifətinin digər nümayəndələri qatılıb. Tixanovskayanın bəyanatı öz teleqram kanalında yayımlanıb. “Rejim heç vaxt olmadığı kimi total izolyasiyanın astanasındadır. Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Yaponiya, Kanada və digər ölkələr biz belaruslara mümkün bütün köməkliyi etməyə hazırdırlar. Biz özümüz də siyasi məhbusları azad etmək, zorakılığı dayandırmaq və ədalətli seçkilər keçirmək üçün əlimizdən gələni etməliyik. Biz hərəkət etməliyik – imkanlar pəncərəsi açılıb. Daha gözləməli bir şey yoxdur – terroru bir dəfəlik dayandırmaq lazımdır. Biz yeni fəal təzyiq mərhələsinə hazırlaşmağa başlayırıq”, - bəyanatda deyilir. Müəlliflərin qeyd etdiyinə görə, müxalifət "qeyri-legitim rejimin düşünülməmiş hərəkətləri nəticəsində Belarusun dünya xəritəsində “qara nöqtəyə” çevrildiyi xüsusunda həmfikirdir. Məlumata görə, müxalifət liderləri demokratik güclərin təcili toplantısında bir araya gəliblər. İclasda beynəlxalq tədbirlərin gücləndirilməsi və Aleksandr Lukaşenkonun əməllərinə konkret cavablar, Belarus daxilində məmurlarla əlaqələr, ölkədaxili partizan birliklərinin yaradılması, etirazların iştirakçılarının reabilitasiyası və amnistiya layihəsi müzakirə edilib. Xatırladaq ki, Belarus hakimiyyəti mayın 23-də Afinadan Vilnüsə uçan Ryanair təyyarəsinin pilotlarını marşrutu dəyişməyə və Minsk aeroportunda enməyə məcbur edib. Təyyarə yerə enəndə güc strukturları göyərtədə olan müxalif Nexta teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviçi həbs ediblər. Onunla birlikdə sevgilisi, Rusiya vətəndaşı və Avropa Humanitar Universitetinin tələbəsi olan Sofiya Sapeqa da saxlanılıb. Hazırda Protaseviç 1 saylı Minsk həbsxanasındadır. Sapeqa “kütləvi iğtişaşların təşkili” ittihamı ilə həbs edilib. Avropa Birliyi Protaseviçin dərhal azad edilməsini tələb edib. Sərnişinlərin və ekipajın təhlükəsizliyini təhdid altına atan bu tip məcburiyyət aktının araşdırılmasına Avropa İttifaqının sammitində baxılacaq. ABŞ da təyyarənin qırıcılar vasitəsilə endirilməsini və ardınca Nexta teleqram kanalının keçmiş baş redaktorunun həbsini qınayıb. Dövlət Departamentinin başçısı Entoni Blinkenin fikrincə, “Lukaşenko rejiminin çirkin aktı” ABŞ vətəndaşları da daxil olmaqla 120 sərnişinin həyatını təhlükə altına atıb. Avropa İttifaqının bir sıra ölkələri, həmçinin Böyük Britaniya və Ukrayna Belarus üzərindən istənilən uçuşları qadağan ediblər.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun