Polis səhər yeməyinə aylıq 300 avro xərcləyən baş nazir haqqında araşdırma başladıb

Polis səhər yeməyinə aylıq 300 avro xərcləyən baş nazir haqqında araşdırma başladıb
28 May 2021
Mətni dəyiş

Finlandiya polisi baş nazir Sanna Marinin nazirliyin ofisində aylıq 300 avro (təxminən 622 manat) dəyərində səhər yeməyinin pulunu qeyri-qanuni şəkildə dövlət büdcəsindən ödəyib-ödəmədiyini araşdırır. 

Ölkənin sensasiyalı qəzetlərindən biri olan "ILtalehti" nəşrində bununla bağlı yayılan məqalədən sonra polis məsələni araşdırdığına dair açıqlama verib.

Nəşrin xəbərinə görə, baş nazir qanunla nəzərdə tutulmadığı halda yeməklər üçün ödədiyi pulu geri tələb edib, ancaq araşdırma onun özü və davranışları ilə bağlı deyil, iqamətgah və ofisdə çalışanların aldıqları qərarlar əsasında aparılacaq.

Baş nazir Sanna Marin də məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, belə bir tələbi olmayıb və nazirlikdə bununla bağlı verilən hər hansı qərarda iştirak etməyib. Nazir bildirib ki, istintaq məsələni obyektiv araşdırıb aydınlıq gətirəcək və ofisdə bu yöndəki bütün xərclər işçilər tərəfindən ödənilir.

2019-cu ildə xalqın dəstəyi ilə bu vəzifəyə gələn Sosial Demokratlar Partiyasının nümayəndəsi, 35 yaşlı siyasətçi pandemiya dönəmində də böyük rəğbət qazanıb. Finlandiya Avropa ölkələrinin arasında ən az yoluxma halı qeydə alınan ölkələrdən biridir.

Buna baxmayaraq, 13 iyunda baş tutacaq bələdiyyə seçkilərindən öncə keçirilən anket sorğularının nəticəsi göstərib ki, Sanna Marinin partiyası müxalifətdən cüzi səs fərqi ilə geri qalır. Mühafizəkar Milli Koalisiya Partiyası bu seçkilərdə ən çox səs toplayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun