Keçmiş "heykəl məhbusu" Bayram Məmmədov ölüb, cansız bədəni dənizdən tapılıb

Keçmiş "heykəl məhbusu" Bayram Məmmədov ölüb, cansız bədəni dənizdən tapılıb
5 May 2021
Mətni dəyiş

Keçmiş "heykəl məhbusu", ictimai fəal Bayram Məmmədovun öldüyü bildirilir. Onun cəsədi Türkiyədə dənizdən tapılıb. Bu barədə sosial şəbəkələrdə onun yaxınları məlumat yayıb. Bildirilir ki, Məmmədovdan iki gündür xəbər olmadığına görə axtarışa verilib. Türkiyə polisi Bayram Məmmədovun cansız bədənini dənizdən tapıb.

Ölümün hansı şəraitdə baş tutduğu, qətl, yoxsa intihar olduğu bilinmir.
Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” və “Fuck the system” sözləri yazdığına görə həbs olunub. Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.
Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.
Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun