İdman sağlamlıq mərkəzlərində COVİD pasportu tələbi iyulun 1-dən tətbiq olunacaq

İdman sağlamlıq mərkəzlərində COVİD pasportu tələbi iyulun 1-dən tətbiq olunacaq
25 May 2021
Mətni dəyiş
“Ya vaksinasiya sertifikatı, ya immunitet sertifikatı, hər ikisi COVİD pasportu adlandırılır. Bunların birinin olması ilə idman sağlamlıq obyektlərinə girişə imkan veriləcək”. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, COVİD pasportu olmayan, yəni ya vaksinasiya olmayan, ya da yoluxub sağalmayan insanlar hələlik idman sağlamlıq mərkəzlərinin xidmətlərindən istifadə edə bilməyəcək: “İlkin COVİD pasportun tətbiqi yalnız idman-sağlamlıq mərkəzlərində tətbiq olunacaq. Amma gələcəkdə COVİD pasportu olan şəxslərin digər xidmətlərə də çıxışına icazə veriləcək. Burada söhbət konsertlərdən, teatrlardan, kinoteatrlardan və nəhayət, toylar və digər şənliklərdən gedir. Bu barədə və onun müddətləri barədə əlavə məlumat veriləcək”. Ş. Mövsümov bildirib ki, yoluxma risklərinin azaldılması məqsədilə açılacaq obyektlərdə - söhbət idman sağlamlıq mərkəzlərindən gedir - onların işçilərinin vaksinasiya və yaxud immunitet sertifikatının olması tələbi nəzərdə tutulur: “Bu tələb iyulun 1-dən tətbiq olunacaq. İyulun 1-dən o obyektlərdə ki, 80 faiz işçinin vaksinasiya və ya immunitet sertifikatı yoxdur, həmin obyektlərə xəbərdarlıq ediləcək və hətta bağlana da bilər. Söhbət həm də dediyimiz kimi, gələcəkdə konsert, teatr, kinoteatr və şənlik salonlarından da gedir. Gələcəkdə bu xidmətlərdən istifadə etmək istəyi olan vətəndaşlara təcili vaksinasiyadan keçməyi tövsiyə edirik. Təbii ki, yumşalmalar bugünkü sabit vəziyyətin, həkimlərimizin, epidemioloqlarımızın böyük işinin, eyni zamanda qaydalara əməl edən insanların əməyinin nəticəsidir. Amma bu o demək deyil ki, pandemiya bitib, pandemiya üzərində qələbə çalınıb. Təbii ki, rəqəmlər yenə də artmağa başlasa, biz müvafiq məhdudiyyətlərin tətbiq olunmasına məcbur olacağıq”. Prezidentin köməkçisi vurğulayıb ki, bu gün Azərbaycanda kifayət qədər həm vaksin, həm onların çeşidi var, həm də vaksinləşmədə yaş məhdudiyyəti yoxdur: “Həmin vaksinlər tamamilə təhlükəsizdir, bu gün bəzən sosial şəbəkədə qarşılaşırıq ki, hansısa təhlükələr haqqında danışırlar. Bunlar hamısı sadəcə cəfəngiyyatdır. Dünyada artıq 1 milyard yarım insan vaksinasiyadan keçib. Azərbaycanda da 1 milyon 100 mindən çox vətəndaş ən azı birinci doza vaksinasiya olunub, heç bir ciddi fəsad yoxdur. Şəxsən mən özüm də, yoldaşım da, anam, qardaşım hamısı peyvənd olunub və heç bir fəsadı olmayıb. Hamını vaksinasiya olunmağa çağırıram. Bu, pandemiyanın bitməsinin yeganə yoludur. Bu gün iki yol var - ya peyvəndləşməliyik, ya da xəstələnib sağalmalıyıq. Xəstələnənlər arasında hələ də ciddi problemlər var, yəni o insanlar ki, düşünür xəstələnib sağalaram, onlar çox böyük səhv edirlər”. Ş. Mövsümov əlavə edib ki, xəstələnib sağalan, hətta yüngül formada keçirənlərdə belə uzun müddət postcovid sindromu davam edir: “Ona görə insanlar yoluxub sağalma yolunu seçməsinlər, tezliklə vaksinasiya olunsunlar, ölümlə lotereya oynamasınlar”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun