24 May 2021
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra İ.İsmayılovun vəkilləri onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və həbsdən azad edilməsi barədə vəsatət veriblər.
Digər vəsatət isə məhkəmə iclaslarının audioyazı ilə aparılması və audioyazıların məhkəmə protokoluna əlavə edilməsi barədə olub.
Vəkil İlhamə Həsənova bildirib ki, İ.İsmayılov 2013-2016-cı illər ərzində özünə məxsus olan şirkətdən cəmi 680 min manat vəsaiti mənimsəməkdə ittiham edilir:
“Lakin o, həmin dövrdə şirkətin xəzinəsinə təqribən 10 milyon manata yaxın vəsait mədaxil edib".
Vəkil həmin mədaxil qəbzlərini sübutlar siyahısına daxil edilərək mühsibatlıq ekspertizası keçirilməsi barədə vəsatət verib.
Vəkillər İ.İsmayılov barəsində 2017-ci ildə başlanmış və xitam verilmiş cinayət işi materiallarının alınması barədə də məhkəmədə vəsatət qaldırıblar.
İlqar İsmayılov isə özünü təqsirli bilmədiyini deyib: “Şirkəti 1999-cu ildə yaratmışam. Əgər təsisçi həbsdədirsə, digər təsisçilər də həbs edilməlidir. Mən özümü təqsirli bilmirəm”.
Məhkəmə vəsatətləri təmin etməyib.
Məhkəmənin baxış iclası iyunun 7-nə təyin edilib.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.