Açıq hava ofisləri və işçilər üçün güzəştlər planını populyarlaşdıran şirkət iş yerində pandemiyanın səbəb olduğu problemləri aradan qaldırmaq üçün yeni çalışma mühitləri yaratmağa çalışır. Bu barədə Daysuke Vakabayaşi “The New York Times” qəzetində yazıb.
Google-un ilk ofisi Silikon vadisində yerləşən dağınıq qaraj olub.
2003-cü ildə, 5 ildən sonra şirkət Googleplex adlı geniş kampusa köçdü. Açıq ofislər və ümumi məkan innovasiyalı iş yerinin görünüş standartlarını təyin edir. İllər keçdikcə rahatlıq daha da artırdı. Yemək, işə gediş-gəliş avtobusları pulsuz idi. Belə ofisə gəlmək və bütün gün orada vaxt keçirmək daha da asanlaşırdı.
Bir zamanlar işverənlə işçi arasında münasibətləri dəyişən kompaniya indi də ofis anlayışını dəyişməyə çalışır. Google son bir il ərzində evdən işləməyə öyrəşmiş və daha ofisdə vaxt keçirmək istəməyən əməkdaşlar üçün pandemiyadan sonra yeni çalışma yerləri yaradır.
Şirkət, güman ki, çalışanlar sentyabrda ofisə qayıtmağa başlayanda onların vaksinlənməsini tələb yox, xahiş edəcək. Başlanğıcda Google binasının interyerində fərqli heç nə görünməyə bilər. Amma növbəti il ərzində Google milyon kvadrat fut sahəyə malik, yaxud bütün dünyadakı ofislərinin 10 faizi böyüklüyündə yeni ofis layihələrini test edəcək.
Bu planların əsası şirkətin koronavirus böhranına görə işçilərini evə göndərməsindən əvvəl qoyulub. O zaman kompaniya “Z nəsli”ni, o cümlədən yuxarı sinif şagirlərinin davranış və təhsilini araşdıran sosioloqların da daxil olduğu müxtəlif məsləhətçi qrupundan gələcəyin işçilərinin necə olacağını araşdırmağı xahiş etmişdi.
Deyəsən, cavab “İkea Lego ilə görüşür” olacaq. Peçenye formasına oxşayan danışıq otaqlarının yanında düzülmüş bir sıra stollar əvəzinə, Google “Team Pods” üzərində çalışır. Hər kapsul boş bir kətana bənzəyir: təkərli stullar, stollar, lövhələr və əşya saxlamaq üçün blokların yerini dəyişdirmək mümkündür. Bəzən bunu bir neçə saat ərzində etmək lazımdır.
Google Camfire kimi yeni konferensiya zallarının konsepsiyasını təqdim edir. Bununla virtual iştirakçılarla şəxsən gələnlər bərabər səviyyədə oturmuş olacaqlar. Layihə distant və ofis əməkdaşlarının uzlaşmasını təşkil etmək üçün nəzərdə tutulub. Campfire adlı yeni danışıq otağında şəxsən iştirak edən insanlar dairəvi şəkildə əyləşəcəklər və laqeyd qala bilməyəcəkləri böyük, şaquli displeylərlə əhatə olunacaqlar. Ekranlarda konferensiyaya onlayn qoşulan işçilərin siması əks olunacaq. Beləcə virtual iştirakçılar fiziki qatılanlarla eyni səviyyədə dayanacaqlar.
Dünyanın bir çox yerində Google açıq hava ofisləri yaradır. Buna səbəb koronavirusun ənənəni ofislərdə yayılma təhlükəsinin daha böyük olmasıdır. İlin böyük bir hissəsi mülayim hava şəraiti olan Silikon vadisindəki ofisində Google avtomobil dayanacağı və gölməçəni Camp Charleston-a çevirib. Bura Wi-Fi əlaqəsi olan, 4 tennis kortu böyüklüyündə, taxta və ot döşəməli, hasarla əhatələnmiş böyük ərazidir.
Açıq çadırlarda stol və stullar qoyulub. Daha böyük yerlərdə Kalifoniya təbiətindən bir hissə kimi tərtib edilmiş video-konferensiyalar üçün ultra-müasir texnikalarla dolu görüş zonaları var. Hər çadırın düşərgə ilə əlaqəli adı var. Camp Charleston birlikdə çalışmaq istəyən hər kəs üçün mart ayından bəri fəaliyyət göstərir. Google bildirib ki, London, Los Anceles, Münhen, Nyu York, Sidney və başqa yerlərdə açıq hava ofisləri tikilir.
Əməkdaşlar öz iş yerlərinə hərəkət cədvəlinə uyğun olaraq müəyyən günlərdə gələ bilərlər. Bununla qonşu masa çalışanlarının eyni gündə ofisdə və bir-biri ilə təmasda olmasının qarşısı alınmış olacaq.
Şirkətin geniş yayılmış korporativ mədəniyyətinə baxmayaraq, ofisə müntəzəm olaraq gəlmək Google-un heç dəyişməyən qaydalarından biri idi.
Korporativ kampusları araşdıran dizayn və arxitektura üzrə yazıçı Ellison Ariffin sözlərinə görə, bu, Google-un səxavətli güzəştlər təklif etməsinin başlıca səbəbi idi. “Onlar hər kəsi kampusda mümkün qədər çox çalışdıra bilərlər və məhz onlar kimisə işdə saxlayırlar” - xanım Ariff New York Times-ın “Fikirlər” bölməsində yazır.
Amma nəzərə alsaq ki, Google-un dünya üzrə əməkdaşlarının sayı 100 mindən çox idi, şəxsi əməkdaşlıq adətən mümkün olmurdu. İşçilər açıq ofislərdə fikir yayındıran faktorların çoxluğuna görə diqqətlərini toplaya bilmirdilər. Beləcə kompaniya öz qədim strukturunu dəyişməli oldu.
2018-ci ildə daşınmaz əmlak üzrə Google qrupu hər şeyi fərqli etmək üzərində düşünməyə başladı. Qrup kompaniyanın məhsulları və araşdırmaları üzrə digər birliyə “süni mühit” barədə müraciət etdi. Bu, memarlar, sənaye və interyer dizaynerləri, Google ilə əməkdaşlıqdan 10 il əvvəl məşhur arxitektor Frenk Herri ilə birlikdə işləmiş Mişel Kaufmanın rəhbərlik etdiyi inşaat mühəndisləri, inşaatçılar və texniklərdən ibarət eklektik bir qrup idi.
Google diqqəti 3 tendensiya üzərində topladı: İş yalnız ofisdə deyil, istənilən yerdə görülə bilər; əməkdaşlara iş yerində lazım olanlar tez-tez dəyişir; və çalışma məkanları sadəcə stollar, konferensiya zalları və rahatlıqdan daha artıq bir şey olmalıdır.
“Bizim hələ 10 ildən sonra reallaşdırmağı düşündüyümüz gələcəyin işləri Covid sayəsində artıq bu gün həqiqətə çevrilib” – xanım Kaufmann dedi.
Ofis dizaynının iki dəyişməz elementi divarlar və isitmə-soyutma sistemləridir. Google bunu dəyişməyə çalışır. Kompaniya hərəkət edə bilən, dünyanın hər yerindəki ofislərə paketlənib göndəriləcək divarlar layihəsi hazırlayır.
Parçadan hazırlanan şara bənzər hava sistemi prototipindəki bu qurğu zəncirbəndlə bərkidilir və həftəsonları müxtəlif şəkildə yeri dəyişdirilə bilir. Google həmçinin ofisdəki temperaturla bağlı mübahisələrə də son qoymağa çalışır. Bu sistem hər bir oturacağın üfürülən havanın istiqamətini və ya miqdarını idarə etmək üçün öz diffuzoruna sahib olmasına imkan verir.
Əgər təkbətək görüş keçiriləcəksə, kompüterin daxili sistemi kimi görünən və ətraf mühiti təyin edən bilən verici ilə təchiz edilən təkərli robot yarımşəffaf sellofan divarı üfürür və iştirakçıları kənar gözlərdən mühafizə edir.
"Düşündüklərimizin önəmli hissəsi ənənəvi ofis anlayışına əsaslanır” - xanım Kaufmann dedi.
Google həmçinin fikir yayındıran faktorların sayını da azaltmağa çalışır. Şirkət parlaqlığı aradan qaldırmaq üçün “ləçək” adlanan və stolların kənarlarına birləşdirilə bilən yarpaq formalı müxtəlif arakəsmələr yaradıb.
Baş dayağında istiqamətli səsgücləndiriciləri olan bir ofis kreslosu yaxınlıqdakı küyü boğmaq üçün ağ səs yayır.
Daimi masaya ehtiyacı olmayanlar üçün Google stolun prototipini yaradıb. Bu stollar iş nişanından istifadə etməklə əməkdaşın şəxsi istəklərinə uyğun olaraq ayarlanır – ofisə arada bir gələn işçilər üçün əlverişli funksiya. O, monitorun əyilmə və hündürlüyünü təyin edir, displeyə ailə fotosu çıxarır, hətta yaxınlıqdakı temperaturu da işçiyə uyğunlaşdırır.
Pandemiyanın ilk günlərində “şirkətin 100 min işçisinin virtual mühitə köçürülməsi qeyri-mümkün görünürdü. Amma indi onları təhlükəsiz şəkildə geri qaytarmaq daha çətin məsələ hesab olunur” – Google-un vitse-prezidenti Devid Redkliff dedi.
Google bildirdi ki, hazırkı ofis konfiqurasiyasında insanların bir-birindən 2 metrlik məsafədə dayanması üçün hər 3 stoldan yalnız birini istifadə edə biləcək. Cənab Redkliff əlavə edib ki, 2 metrlik məsafə gələcək pandemiya və hətta mövsümi qrip hallarında da əsas şərt olaraq qalacaq.
O deyir ki, psixoloji olaraq əməkdaşlar uzun stol sıralarında oturmaq istəməyəcəklər. Həmçinin Google ofisi mebel və bitkilər vasitəsilə doldurmağı da tələb edə bilər. Kompaniya uzun illərdir planlaşdırılan və Silikon vadisində məşhur olan açıq ofis layihəsini reallaşdırmağa çalışır. Plana əsasən, işçilərin böyük qisminin kiçik məkanlara yerləşdirilməsi və məxfiliyin məhdudlaşdırılması daha yaxşı əməkdaşlığa gətirib çıxara bilər.
Daşınmaz əmlakın dəyəri isə kompaniya üçün elə də dəyişməyəcək. Ofisdə az işçi olsa da, onlara daha çox yer lazım olacaq.
Başqa dəyişikliklər də olacaq. Öz ucuz qidası ilə məşhur olan firma kafeləri isveç stolundan yeməkləri qutu ilə aparma şəklinə çevriləcək. Sneklər böyük yeşiklərdən çıxarılmadan individual şəkildə paketlənəcək. Massaj kabinetləri və fitnes mərkəzləri qapalı olacaq. Sərnişin avtobusları dayandırılacaq.
Kiçik konferensiya zalları əvvəlcədən rezerv edilən şəxsi iş yerlərinə çevriləcək. Ofislərin daxilində yalnız binaların idarəsi üçün nəzərdə tutulan proqram təminatı vasitəsi ilə kontrol edilən ventilyasiya sistemindən gələn təmiz hava olacaq.
Böyük hamam otaqlarında əl-üz yuma yerləri, unitaz və pisuarların sayı azaldılacaq və təmas tələb etməyən sensor qurğuları quraşdırılacaq.
Hazırda Mauntin Vyuda, Google-un kampusu ərazisində tikilən iki bina növbəti il hazır olacaq. Tikili hazırkı eksperimental ofis planlarından bir neçəsini reallaşdırmağa imkan verəcək.
Google əməkdaşların hibrid iş rejiminə reaksiyasının necə olacağını anlamağa çalışır. Şirkət iyulda işçilər arasında sorğu keçirərək effektiv çalışmaq üçün həftədə neçə gün ofisə gəlməli olduqlarını soruşdu. Redkliffin sözlərinə görə, cavablar həftədə sıfırdan beş günədək diapazonunda bərabər şəkildə bölüşüb.
Google-un əməkdaşlarının çoxu ofisə qayıtmağa tələsmirlər. İşçilərin Googlegeist adlı illik sorğusunda 110 min iştirakçıdan təxminən 70 faizi bildirdi ki, onlar evdən çalışmağa müsbət yanaşırlar. Digər 15 faiz isə bu barədə mənfi rəy verdi.
The New York Times-ın yayımladığı nəticələrə əsasən, daha 15 faiz isə neytral mövqe tutdu. Sorğu fevralda keçirildi, nəticələr isə mart ayının sonunda açıqlandı.
Google-un bir çox əməkdaşı işə gedən yolda vaxt itirməmək, ailəsinə daha çox zaman ayırmaq və ümumiyyətlə ofisdən kənar həyata öyrəşdilər. Kompaniya anlayır ki, onun çalışanları köhnə həyatlarına qayıtmağı elə də çox istəmir.
“İş və şəxsi həyat arasında balans – bu, gündə üç dəfə ofisdə qidalanmamaq, trenajor zalına getmək və bütün işlərini orda görmək deməkdir” - xanım Ariff dedi. “Nəticə etibarilə, insanlar rahatlıq istəyir və Google bunu onların əllərindən nə qədər çox alsa, işləmək bir o qədər çətin olacaq”.
Google şirkətinin dünyanın 170 şəhərində və 60 ölkəsində ofisi var. Onlardan bir çoxu artıq açılıb. Kompaniyanın Avtraliya, Yeni Zelandiya, Çin, Tayvan və Vyetnamdakı ofisləri 70 faiz insan tutumu ilə yenidən fəaliyyətə başlayıb. Amma Google və onun əsas kompaniyası Alphabet şirkətində çalışan 140 min işçinin əhəmiyyətli hissəsi ABŞ-da yerləşir. Üstəlik onların təxminən yarısı körfəz ərazisindədir.
Alphabet şirkətinin icraçı direktoru Sundar Piçai Reuters-in dekabrdakı konferensiyasında bildirdi ki, kompaniya hibrid iş rejimini mümkün etməyə çalışır. Çünki bununla yaradıcılığın xeyli artmasına və yeni insanların işə cəlb edilməsinə imkanlar var.
“Bizim miqyasımızda olan heç bir kompaniya heç vaxt işçi qüvvəsinin tam hibrid modelini yaratmayıb” – cənab Piçai bir müddət sonra hibrid iş həftəsi haqda elan verərkən bildirdi. “Yoxlamaq maraqlı olacaq”.