Azərbaycanlı milyarder Fərhad Əhmədovun London Ali Məhkəməsinin 635 milyon dollar təzminat ödəməsi qərarını yerinə yetirməkdən imtina etməsindən sonra iş adamı ilə keçmiş həyat yoldaşı Tatyana arasında sərvət bölgüsü müharibəsi yeni bir mərhələyə qədəm qoyub.
Bu barədə “The Daily Mail” qəzeti yazır.
Bildirilir ki, Tatyana keçmiş həyat yoldaşının ona yarım milyard dollar ödəməkdən imtina etməsindən sonra dinc oturmayıb. Belə ki, nəşr onun hazırda Dubay limanında lövbər salmış “Luna” adlı yaxtanı qaçırmaq üçün Britaniyanın Kral Dəniz Donanmasının xüsusi təyinatlı bölməsi olan SBS-in (Special Boat Service) veteranlarından ibarət muzdluları cəlb etdiyini yazıb.
Tatyananın iddialarına görə, 318 milyon dollar dəyərində və 115 metrlik olan yaxta boşanma sonrası əmlak bölgüsünün bir hissəsi olaraq onun mülkiyyətinə daxil edilib. Bildirilir ki, Tatyananın maraqlarını “Burford Capital” müdafiə edir və sözügedən hüquq şirkəti illərdir yaxtanı ələ keçirməyə çalışır.
“Times”a görə, muzdlular yaxtanı Əhmədova üçün qaçırmalıdırlar. Qəzet Əhmədovanın bunun müqabilində onlara nə qədər ödəməli olduğunu açıqlamayıb.
Bildirilir ki, o, hakimin 27 yaşlı oğlu Teymur Əhmədov atasına İngiltərədəki ən böyük boşanma ödənişinin qarşısını almağa kömək etmək üçün anasından gizlətdiyi 100 milyon dolları ödəməsi barədə qərar çıxardıqdan sonra bu addımı atmaq fikrinə gəlib.
Xatırladaq ki, hakim Qvinnet Noulz belə bir qənaətə gəlmişdi ki, oğul Əhmədov atasına kömək edib və əmlak bölgüsünə əsasən anası üçün nəzərdə tutulan 600 milyon dollardan çox vəsaiti almasına mane olmaq üçün “əlindən gələni” edib. Noulz demişdi ki, indi o, anasına 100 milyon dollardan çox pul ödəməli olacaq. Məhkəmə onu həm də “atasına kömək etmək üçün hər şey edəcək vicdansız bir adam” adlandırıb.
Ailənin nümayəndəsinin sözlərinə görə, ana-oğulun münasibətləri hazırda da gərgindir: “Tatyananın Teymurla münasibətləri indi həqiqətən çox qəribədir. Tatyana tərəfdən ümid var, zaman keçdikcə bu münasibətlər bərpa oluna bilər. Əlbəttə ki, o, oğlunu sevir”.
“The Daily Mail” yazır ki, Tatyananın qərarı ilə əməliyyata keçmiş Kral Donanması Dəniz Qüvvələri rəhbərlik edəcək. Daha əvvəl böyük dəniz gəmilərini ələ keçirmək üçün əməliyyatlarda iştirak edən döyüşçülərdən ibarət bir vahid qurulacaq.
Tatyananın vəkilləri qəzetə açıqlamalarında məlumatı təsdiqləyiblər: “Marşall adaları məhkəməsi yaxtanı müştərimizə verdiyindən əmlakın qanuni həll yolu ilə geri qaytarılması üçün əlimizdəki bütün variantları istifadə edəcəyik. Bu səbəbdən müştərimizə aid bütün əmlakları geri qaytarmaq üçün ixtisaslaşmış bir şirkətin xidmətlərindən istifadə etdik”.
F. Əhmədovun nümayəndəsi “The Daily Mail”ə açıqlamasında hadisədən xəbərdar olduqlarını bildirib: Dubayda “Luna”nı ələ keçirmək üçün edilən bütün cəhdlər ən yüksək məhkəmələr tərəfindən qanunsuz elan edildi”.
Qeyd edək ki, Fərhad Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biridir. London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq iş adamının ona 635 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarmışdı. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan etmişdi.
Məhkəmənin milyarderin eks-xanımına geri verilməsi üçün təsdiq etdiyi siyahıdan bəzi əmlaklar artıq ona qaytarılıb. Bunlar 7 milyon dollar dəyərində bir helikopter, 2 milyon dollarlıq bir “Torpedo” gəmisi, həmçinin 57 milyon dollar məbləğində xüsusi jetdir.
“Luna” hələ də Port-Rəşid limanında həbsdədir. Yaxta Fərhad Əhmədovun onu beynəlxalq sulara aparmaq istəməsindən sonra həbs olunub.
Yaxta 2010-cu ildə “Çelsi”nin sahibi Roman Abramoviçin əmri ilə inşa edilib. Abramoviç onu 2014-cü ildə 318 milyon dollara Əhmədova satıb.
9 göyərtəli yaxta 52 nəfərlik heyət üzvü üçün nəzərdə tutulub. 2 helikopter meydançası, lüks bir hovuz və kiçik bir sualtı qayığı ilə təchiz edilib. Dünyada hər biri 2.8 milyon funt-sterlinq dəyərində qiymətləndirilən, xüsusi hazırlanmış çox məqsədli limuzin-xilasetmə qayıqları ilə təchiz olunmuş 2 yaxta var və “Luna” da onlardan biridir.