2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 mayına qədər Ermənistanda ikinci Qarabağ müharibəsində həlak olmuş 3 753 hərbi qulluqçunun meyiti məhkəmə-tibb ekspertizasından keçirilib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Mayın 25-ə olan məlumata əsasən həlak olmuş hərbi qulluqçuların meyitlərindən və qalıqlarından götürülmüş 48 analiz nümunəsi hələ yoxlanılmayıb.
Mətbuat isə qeyd edib ki, mayın 24-ə qədər Qarabağda itkin düşmüş hesab edilən 1 557 nəfərin meyiti tapılıb. Onların bir hissəsi ermənilərin apadıqları axtarışlar zamanı aşkarlanıb. Meyitlərin bir qismini isə Azərbaycan qarşı tərəfə təhvil verib.
Daha əvvəl Ermənistanın vitse-spikeri Tiqran Avinyan ölkə parlamentində iddia edib ki, 44 günlük müharibədə həlak olan erməni hərbçilərinin sayı 4 000 min nəfəri ötməyəcək. Lakin Səhiyyə və Müdafiə nazirliklərinin son açıqlamaları Ermənistanın ikinci Qarabağ müharibəsindəki itkilərinin sayının 5 310 nəfər olduğunu göstərir. Qeyd edək ki, bu da son deyil. Müdafiə Nazirliyi müharibədə onlarla hərbi qulluqçusunun itkin düşdüyünü, axtarışların hələ davam etdirildiyini açıqlayıb.