6 May 2021
Mətni dəyiş
Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.
APA-nın əldə etdiyi məlumata görə, bu barədə Səbail RİH başçısı Vüqar Zeynalov əmr imzalayıb.
X. Bayramovanın işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edildiyi bildirilir.
Səbail RİH-dən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, Baş Prokurorluğun dünən yaydığı məlumatda bildirilib ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı müəyyən edilib ki, X. Bayramova vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib, “COVID-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq, bu barədə tibbi sənədin verilməsini tələb edib.
Qeyd edilənlərlə bağlı X. Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.
Əlavə edək ki, X. Bayramova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə tanınır.
X. Bayramovanın adı 2019-cu ildə Səbail rayonu ərazisində yerləşən 162 nömrəli orta məktəbdə baş verən intihar hadisəsində də hallanıb. O vaxt məktəbli Elina Hacıyevanın intihar etməsində məktəb direktoru ilə bərabər X.Bayramovanın da günahkar olduğu iddia edilirdi. Lakin onun barəsində hər hansı hüquqi tədbir görülməyib.