Son günlər sosial şəbəkələrə nəzarət etməsi ilə bağlı təkliflər səsləndirilir.
Turan İnformasiya Agentliyi bildirir ki, deputatlar və bəzi ekspertlər sosial şəbəkələrdə təhqir və böhtana geniş yol verilməsi ilə bağlı narahat olduqlarını söyləyirlər. Onlardan bəziləri isə hətta qanunvericiliyə dəyişikləri edib buna görə cəzaların sərtləşdirilməsini təklif edirlər.
Sosial şəbəkələrə nəzarət olmalıdırmı? Bunu etmək mümkündür? Azərbaycanda nəzarət mexanizmi işə düşərsə nəticələr necə olacaq?
Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Fazil Mustafa Turana sosial şəbəkələrə nəzarət etmək mümkün olmadığını bildirib. "Burada başqa modeldən söhbət gedir. Həmin sosial şəbəkələrin ölkələrdə və ya regionda təmsilçiliyi olmalıdır. Türkiyə qanunvericiliyə uyğun olaraq bu məsələni həll etdi. Bu olduqca vacibdir".
Deputat qeyd edib ki, sosial şəbəkələrdə təhqir, ölümlə hədələmə, terrorçu fəaliyyət və başqa bu kimi məsələlərin çox şaxələndiyini görmək mümkündür. "Sosial şəbəkələrdə müxtəlif şəxslərin bu cür çalışmalar böyük bir narahatlıqlar yaradır. Ona görə də bu istiqamətdə qeyri-hüquqi addımların qarşısını almaq üçün ölkədəki həmin sosial şəbəkələrin təmsilçiliyinə müraciət olunur ki, həmin materiallar yığışdırılsın və ya konkret subyektin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün köməklik göstərilsin".
Komitə üzvü hesab edir ki, burada hər hansı hüquqi formada dövlət orqanlarının nəzarətindən söhbət getmir. "Burada bilavasitə dövlət orqanları ilə həmin həmin sosial şəbəkə seqmentinin təmsilçiləri arasında olan konstruktiv əməkdaşlıqdan söhbət gedir".
Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, sosial medianın məhdudlaşdırılması və sistemli şəkildə nəzarətə götürülməsi çağırışları yeni deyil. "Bununla bağlı müxtəlif ölkələrdə çağırışlar tez-tez baş verir. Demokratiyanın az olduğu və ümumiyyətlə az inkişaf etmiş ölkələrdə bu, daha sistemli şəkildə baş verir. Amma təəssüf ki, bununla bağlı ilk tənzimləmələr artıq Almaniyada da başladı, daha sonra Türkiyə daha ciddi tənzimləmələr gündəmə gəldi, ABŞ-da Tramp dönəmində müəyyən tənzimləmələrin gətirilməsi tələb olunurdu".
Ekspertin fikrincə, hökümətlər müxtəlif bəhanələrlə, xüsusən də şəxslərin hüquq və mənafelərinin qoruma adı altında sosial mediaya müəyyən məhdudiyyətlərin gətirilməsinə çalışır. "Bu, yayılan kontentlə bağlı məhdudiyyətlərdir. Sosial media platformalarının heç biri Azərbaycanda yerləşmədiyi üçün onlara yönələn tələblər daha çox Türkiyədəkinə bənzər tənzimləmə ola bilər. Yəni, məcburi olaraq burada ofis saxlaması qanunvericiliyə gətirilə bilər və onlardan hansısa şəxsi məlumatların silinməsi və ya təqib olunması tələb oluna bilər. Əks halda onların cərimələnməsi və yaxud da ölkədəki fəaliyyətinə məhdudiyyətlər gözləyə bilər".
Məmmədli qeyd edib ki, bu, daha çox sosial media kontentinin hər hansı formada, xüsusən də tənqidçi tərəflərin təqib olunmasına yönələcək.
Ekspert vurğulayıb ki, ikinci metod isə ölkədə ümumiyyətlə sosial mediaya çıxışı bloklayaraq prosesin qarşını almaqdır. "Bu da qismən işləyə bilər. Çünki proksi proqramlar buna imkan verməz. Təcrübə göstərir ki, vaxtilə Türkiyə Twitter və Youtube-la belə addımları atdığı zaman istifadəçilərin sayı artmışdı. Yəni, bu, effektiv bir metod deyil".