Boşanmaq üçün birbaşa məhkəməyə müraciət etmək mümkün olmayacaq - Mediasiya nədir?

Boşanmaq üçün birbaşa məhkəməyə müraciət etmək mümkün olmayacaq - Mediasiya nədir?
24 May 2021
Mətni dəyiş

İyul ayının 1-dən Azərbaycanda ailə, əmək və kommersiya mübahisələri ilə bağlı birbaşa məhkəməyə müraciət etmək mümkün olmayacaq. Bu kateqoriya işlərlə bağlı tərəflər ən azı ilkin mediasiya sessiyasını keçməlidir. Mübahisənin mediasiyada həlli alınmadığı təqdirdə isə məhkəməyə müraciət edə biləcəklər. 

Abzasmedia mediasiyanın müsbət və mənfi tərəflərini araşdırıb, yeni qanunla bağlı ilkin suallara cavab tapmağa çalışıb.

Mediasiya nədir?

Vəkil Zibeydə Sadıqova deyir ki, mediasiya institutunun formalaşması tarixinə diqqət etsək, onun əsasının qədim zamanlardan qoyulduğunu görərik. Hələ Roma və Yunanıstan tarixindən bu institutun mövcud olmasını göstərən nümunələr var. Belə ki, qədim dövrdən ailə münaqişələri, onların barışdırıcı üsülla həll edilməsi üçün bu üsuldan istifadə edilib.

Onun sözlərinə görə, mediasiya – mediasiya haqqında Qanuna görə (1.0.1-ci maddə) -  mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesdir.

"Mediasiya mübahisələrin məhkəməyə qədər həlli yoludur. Azərbaycanda bu institut 2019-cu ildən Mediasiya haqqında Qanunun qəbul edilməsi ilə təsdiq edildi. Qanun 01 iyul 2021-ci ildə qüvvəyə minəcək. Məqsəd budur ki, müəyyən kateqoriya işlərə mediasiya prosesi çərçivəsində baxılacaq. Hətta tərəflər bu işlər üzrə mediasiya prosesini keçmədən məhkəmələrə müraciət edə bilməyəcək", - deyə o, vurğulayıb.

Mediator kimdir?

Zibeydə Sadıqova deyir ki, qanunun 10-cu maddəsinə görə, 25 yaşlı, ali savadlı, 3 illik stajı olan, mediatorluqla bağlı kursu bitirmiş şəxs mediator ola bilər.

Mediasiya prosesinin müsbət tərəfləri nədir?

Vəkilin sözlərinə görə, mediasiya prosesində hər iki tərəf öz sübutlarını, fikirlərini bölüşür, bir-birinin mövqeyini bilir. Nəticədə iş əgər məhkəmədə həll olunacaqsa, prosesin nəticəsi barədə təsəvvür yaranır. Prosesin sonu əvvəlcədən bəlli olduğu üçün mübahisəni barışıq yolu ilə çözmək imkanı yaranır.

Bundan başqa, tərəflərin məhkəməyə müraciət etməsi zamanı ödədiyi dövlət rüsumuna münasibətdə Mediasiya prosesində çəkdiyi xərclərin miqdarı azdır. Sözügedən prosesdə mübahisələrə tez baxılır (30 gün-maddə 24.7). Bəzən məhkəmələrdə mübahisələrin həlli bir il və ya da çox vaxt apara bilir.

"Tərəflər narazı qaldıqda mediasiya prosesini tərk edə bilir"

Mediasiyada qəbul edilən qərar danışıqlar yolu ilə müəyyən edilir. Yəni, bu qərara hər iki tərəf birgə gəlir. Lakin məhkəmədə qəbul edilən qərarlar dövlətin adından qəbul edilir və mütləq hansısa tərəf narazı qalır. Mediasiya prosesində isə mediatoru tərəflər özləri seçir. Mediator ancaq kömək edir, hansısa göstəriş vermir. Tərəflər narazı qaldıqda mediasiya prosesini tərk edə bilir.

Zibeydə Sadıqova deyir ki, mediasiya prosesində hər iki tərəf bərabərdir. "Biri haqlıdır, o biri haqsızdır, bir tərəf qələbə çaldı, digəri məğlub oldu" deyə bir anlayış yoxdur. Çünki əgər qarşılıqlı razılıq olacaqsa, bu, hər iki tərəfin danışığı, arzusu ilə baş verir.

"Mediasiya prosesi mübahisənin həlli ilə yekunlaşmadıqda tərəflər məhkəməyə müraciət edə bilir. Bunun üçün mediator tərəflərə mübahisənin mediasiya ilə həllinin mümkünsüz olması barədə sənəd təqdim edir. Lakin hər iki tərəf mediasiya prosesində barışıq müqaviləsi bağlasalar, həmin müqavilə mübahisənin həlli sənədi hesab edilir və tərəflərə məhkəməyə getməyə ehtiyac qalmır", - deyə vəkil Zibeydə Sadıqova bildirib.

Qanun

Bundan əvvəl “Mediasiya haqqında” qanunun icrası bir neçə dəfə təxirə salınıb. Sonuncu dəfə 2020-ci ildə parlamentdə bununla bağlı qərara baxılıb. Parlamentin qəbul etdiyi qərarda deyilir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 597) 39-cu maddəsində “2020-ci il yanvarın 1-dən” sözləri “2021-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilsin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun