"Ölüm səbəbi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Tapıldıqdan sonra cəsədin kimliyini müəyyən etmək iki gün çəkib. Həkimlər suda boğulduğunu deyir, hələlik isə tibbi ekspertizanın rəyi yoxdur. Rəyin hazır olması isə 2-3 ay çəkər", - deyə Bayram Məmmədovun vəkili Oğuzhan Topalkara bildirib.
Vəkil əlavə edib ki, B. Məmmədovun ölümü ilə bağlı həqiqətləri üzə çıxarmağa çalışırlar. Onun sözlərinə görə, prokurorluq da hal şahidlərindən izahat alır, ərazidə olan kamera görüntülərini toplamağa çalışır.
"Hal şahidlərinin verdiyi məlumata görə, Bayramın çəkələkləri dənizə düşüb və onu götürmək üçün əyildikdə, özü də dənizə yıxılıb və boğulub. Şahidlər üzməyi bacarmadıqları üçün ona kömək edə bilmədiklərini söyləyiblər. Ancaq Azərbaycan mediası intihar yazır. Halbuki intiharla bağlı heç bir ehtimal olmayıb. Hadisə günorta saat 3-4 radələrində baş verib", - deyə Bayram Məmmədovun vəkili Oğuzhan Topalkara bildirib.
Vəkil əlavə edib ki, tibbi ekspertizanın yekun rəyi hazır olduqda, hər şey aydın olacaq.