Bayram Məmmədovun ölümü TBMM gündəmində: “Şübhəli ölüm araşdırılsın”

Bayram Məmmədovun ölümü TBMM gündəmində: “Şübhəli ölüm araşdırılsın”
18 May 2021
Mətni dəyiş

İstanbulda azərbaycanlı fəal Bayram Məmmədovun (26) şübhəli ölümü ilə əlaqədar sualları cavablandırması üçün Daxili işlər naziri Süleyman Soyluya sorğu göndərilib.

Bayram Məmmədovun vəfatı ilə bağlı sual işarələri Türkiyə Böyük Millət Məclisinin də gündəmində yer alıb. İzmirin HDP-li millət vəkili Murat Çepninin daxili işlər naziri Süleyman Soyluya cavablaması üçün göndərdiyi sorğuda bəzi suallar yer alıb:

"Bayram Məmmədov Azərbaycan ictimaiyyətinin yaxından tanıdığı və xarici ölkələrin də izlədiyi bir insan haqları müdafiəçisidir. 2016-cı ildə Qiyas İbrahimovla birlikdə Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” yazdıqdan sonra həbs edilmişdi. Onu külli miqdarda narkotik maddə saxlamaqda ittiham etmişdilər. Fəal bütün ittihamları rədd etməsinə baxmayaraq, 10 il həbs cəzasına məhkum edilmiş və 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Həbsxanadan çıxdıqdan 10 gün sonra yenidən həbs edilmiş və 30 gün sonra sərbəst buraxılmışdı.

Yaxınları onun əvvəllər olduğu kimi bu həbs müddətində də pis rəftara və şiddətli işgəncələrə məruz qaldığını iddia etmişdilər. Məmmədovun ölümündən 10 gün əvvəl eyni ittihamdan mühakimə olunan dostu Qiyas İbrahimov heç bir səbəb göstərilmədən deport edilmiş və ona bir daha Türkiyəyə girə bilməyəcəyi söylənilmişdi. Bayramın atası Fərman Məmmədov oğlu ilə ən son 1 may 2021-ci ildə danışdığını və bir həftə ərzində Bakıya gəlməyi planlaşdırdığını açıqlamışdı".

"MİT izləyirdi"

[caption id="attachment_77380" align="alignleft" width="1050"] Bayram Məmmədov[/caption]

Həmçinin, sorğuda bildirilir ki, yaxınları Məmmədovun MİT tərəfindən izlənildiyi, daha əvvəl İstanbul Hava Limanından bir məsul şəxs tərəfindən sorğu-sual edildiyini də iddia edirlər.

Çepni bildirir ki, Bayram Məmmədov Azərbaycan ictimaiyyətində çox dəstəklənən və bir çox ölkədə etirazları yaxından izlənilən bir insan hüquqları müdafiəçisi olduğundan; Azərbaycan mediasında yayılan xəbərlər və İstanbul Polis Bölməsinin ölümü intihar, daha sonra isə qəza olaraq açıqlaması hadisənin üstünün örtülməyə çalışıldığı haqda ortaq fikrin yaranmasına səbəb olub. Millət vəkilinin sözlərinə görə, Məmmədovun ölümü ilə bağlı detallı araşdırmalar aparılmalı, şübhələr ortadan qaldırılmalı və dərhal hadisə aydınlaşdırılmalıdır.

[caption id="attachment_100300" align="alignleft" width="1024"] Murad Çepni[/caption]

9 SUAL

Çepni göndərdiyi sorğuda Soyluya bu sualları yönəldib:

1 - Fəal Bayram Məmmədovun şübhəli ölümü detallı araşdırılıb geniş istintaq aparılacaqmı? Hadisə ilə bağlı şübhəlilər tapılarsa, ictimaiyyətə açıqlama veriləcəkmi?

2 - Azərbaycan ictimaiyyətində tanınan və yaxından izlənilən bir insan haqları müdafiəçisinin ölümü polis bölməsinin ilk raportunda niyə “şübhəli ölüm” olaraq qeyd edilməyib?

3 - Polis bölməsi Məmmədovun çəkələyinin arxasından dənizə düşdüyünü necə təyin etdi? Bu mövzuda təhlükəsizlik kameralarının görüntüləri varmı? Hadisənin şahidlərinin polis əməkdaşı olduğu iddiası doğrudurmu?

4 - Bu hadisədə Polis və Sahil Təhlükəsizliyi rəsmilərinin səhlənkarlığı barədə iddialara əsasən istintaq başladılıbmı?

5 - Bayram Məmmədov ölümündən əvvəl ailəsinə zəng edərək Bakıya gələcəyini demişdi. Bu fakt Polis bölməsinin ilk “intihar” açıqlaması ilə ziddiyət təşkil etmirmi?

6 - Məmmədovun MİT tərəfindən izlənildiyi, daha əvvəl İstanbul Hava Limanında məsul şəxs tərəfindən sorğu-sual edildiyi haqda iddia doğrudurmu? Bu iddia araşdırılacaqmı?

7 - Məmmədovun ölümü ilə bağlı Azərbaycan hökumətiylə danışıqlar aparılıbmı? Hadisənin bütün yönləri ilə araşdırılması üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq edilirmi?

8 - 2015-2021-ci il may tarixləri arasında Azərbaycan vətəndaşı neçə nəfər Türkiyədən deport edilib? Deport səbəbləri nədir? Onlardan neçə nəfəri Azərbaycanda cəza almış şəxslərdir?

9 - 2015-2021-ci il may tarixləri arasında Türkiyədə yaşayan neçə Azərbaycan vətəndaşı şübhəli şəkildə ölüb? Neçə Azərbaycan vətəndaşı intihar edib?

Xatırlatma

2016-cı il mayın 9-dan 10-na keçən gecə Qiyas İbrahimovla birlikdə keçmiş prezident Heydər Əliyevin heykəlinə şüarlar yazmasının ardından həbs edilən və 2019-cu ildə sərbəst buraxılan Bayram Məmmədov 2021-ci il mayın 2-də İstanbulda ölü tapılıb.

Bayram Məmmədovun Moda sahilində, “dənizə düşən çəkələyini götürmək istəyərkən özünün də suya yıxıldığı və axına qapılaraq gözdən itdiyi” iddia edilib. Onun itkin düşməsi haqda polisə müraciət etmək üçün bölməyə gedən bir dostuna Məmmədovun cəsədi göstərilib. Mövzuyla bağlı istintaq başladılıb, amma polis hazırladığı raportda fəalın ölümünü “şübhəli ölüm” olaraq qeyd etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun