Fərman Məmmədov oğlunun ölümü ilə əlaqədar Türkiyəyə gedəcək
Keçmiş “heykəl məhbusu” kimi tanınan Bayram Məmmədovun ölümü haqda diplomatik mənbələr məlumatlıdır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. XİN sözçüsü “Mikroskop”a bildirib ki, məsələ araşdırılır, nəşin nə zaman Azərbaycana gətirilməsi məlum deyil.
Bayram Məmmədovun atası Fərman Məmmədov Meydan TV-yə deyib ki, oğlunun hansı şəraitdə öldüyündən məlumatsızdır. O, Türkiyəyə yola düşmək üçün lazımi prosedurları keçir. Atasının sözlərinə görə, oğlu ilə sonuncu dəfə mayın 1-də danışıb. Bayram Məmmədov ailəsinə 1 həftəyə Bakıya qayıdacağını deyib.
Meydan TV-nin İstanbulda olan əməkdaşının sözlərinə görə, fəalın dostları hazırda onun ölüm səbəbini araşdırırlar. Polisin dostlarına verdiyi məlumata görə, hadisə sahil güvənliyinin gözü qarşısında baş verib. “Ayağındakı başmağı suya düşüb, Bayram onu çıxarmaq üçün suya girib və üzüb. Sahil güvənliyi fit çalıb, amma geri qayıtmayıb, boğulub”, - dostları polisə istinadən bildiriblər.
Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almaq üçün hazırlaşdığını deyirlər. Onun ölümü haqda məlumat mayın 4-də, gecə saatlarında yayılıb.
Dostları deyir ki, mayın 2-dən etibarən gənc fəaldan xəbər ala bilməyiblər. Onun harada olması haqqında məlumatları olmayıb. Axtarış üçün polisə müraciət etdikdə isə onun ölüm xəbərini alıblar. Onun cəsədinə yaxınları tərəfindən baxış keçirilməyib. Yalnız cəsədin fotosu polis tərəfindən dostlarına göstərilib və Bayram Məmmədov olduğu təsdiqlənib.
Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” və “Fuck the system” sözləri yazdıqdan sonra həbs olunub. Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.
Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar. Bundan sonra da Bayram Məmmədov ictimai fəallığına görə sutkalıq həbs cəzası çəkib.