28 May 2021
Mətni dəyiş
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, 31 may 2021-ci il saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmodvun verdiyi məlumata görə, yeni növ koronavirus (“COVID-19”) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı metropoliteninin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək.
B.Məmmədov qeyd edilənləri əsas götürərək, metropolitendə sərnişindaşımanın təşkili və hərəkət qrafiki ilə əlaqədar məlumatı açıqlayıb:
1. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq;
2. Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni sərnişindaşıma fəaliyyəti göstərməyəcək:
5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək;
3. Sərnişindaşıma fəaliyyəti dövründə Bakı metropoliteni normal iş rejimində fəaliyyət göstərəcək;
4. Qatarların hərəkəti, texniki-istismar və normativ tələblərə uyğun olaraq, mümkün optimal hərəkət qrafiki ilə təmin olunacaq;
5. Əlil arabası istifadəçisi olan sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək”.
Qurum rəsmisi pandemiya ilə mübarizə şəraitində metrodan istifadə edən sərnişinlərdən diqqətli olmağı xahiş edib:
“Ölkəmizdə xüsusi karantin rejimi müddətinin və koronavirus təhlükəsinin davam etdiyi dövrdə Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa olunsa da, “Bakı Metropoliteni” QSC bir daha sərnişinlərinə müraciət edərək, metropolitendən istifadə qaydalarına, metodiki göstəriş və sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə, diqqətli olmağa çağırır.
Unutmayaq, koronavirus təhlükəsinə yalnız birlikdə güclü olub qalib gələ bilərik.
1.“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar;
2.Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan müvafiq qaydada istifadə etməsi və sərnişinlərin hərarəti seçimli şəkildə tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq. Seçmə qaydada yoxlama zamanı yüksək hərarəti olan sərnişinlər metropoliten ərazisinə buraxılmayacaqlar;
3.Sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırması üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlara məlumatlandırıcı işarələr yapışdırılacaq, zərurət yarandığı halda, sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunacaq;
4.Bakı metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılacaq;
5.Sərnişinlərin sosial məsafəni qoruması və metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilərin qoyulması və digər profilaktik, tənzimləyici tədbirlər istisna olunmur.
Sanitar-profilaktik tədbirlərlə bağlı
1. Dezinfeksiya işləri davam etdirilərək əsaslı və cari olmaqla iki istiqamətdə aparılacaq;
2. Əsaslı dezinfeksiya tədbirləri sərnişin daşınmadığı vaxtlarda təmin olunacaq. Stansiya və qatarların əsaslı dezinfeksiyası müəyyən edilmiş qrafik üzrə təşkil ediləcək. Bu zaman Bakı metropoliteninin və “COVID-19” virusunun xüsusiyyətləri nəzərə alınmaqla seçilmiş geniş spektrli maddədən istifadə olunacaq;
3. Cari dezinfeksiya işləri gündəlik qaydada aparılacaq. Bu işlər stansiyalarda əllə təmas olunan bütün səthlərdə gün ərzində 6 dəfədən az olmamaq şərtilə yerinə yetiriləcək.
4. Qatarlar xətdən depoya texniki baxış, qulluq və xidmət üçün göndərilərkən,depo şəraitində müvafiq sanitar-gigiyenik tədbirlər görüləcək;
5. Bütün sanitar-gigiyenik tədbirlərə, o cümlədən dezinfeksiya işlərinə ən yüksək səviyyədə yoxlama-nəzarət mexanizmləri tətbiq ediləcək”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 oktyabr 2020-ci il tarixli 395 №-li Qərarı ilə 2020-ci il oktyabrın 19-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb. Qurumun 2020-ci il 28 oktyabr (№ 427), 19 noyabr (№ 450) və 8 dekabr (№ 488), 2021-ci il 16 yanvar (№ 9) və 19 mart (№72) qərarları ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılmasının müddəti uzadılıb.