Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxsi həbs edildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxsi həbs edildi
26 May 2021
Mətni dəyiş

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin regional bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılıb:

"25 may 2021-ci ildə Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə (rüşvət alma külli miqdarda törədildikdə) cinayət işi başlanıb.

Aparılmış ilkin istintaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin sədri İsmayılov Xanlar Xeyrulla oğlunun 2012-ci ildən işlədiyi müddət ərzində ünvanlı sosial yardım almaları üçün qanunvericiliklə müəyyən edilmiş tələbin - rəsmi iş yerinin olmasının təmin edilməsi ilə əlaqədar ona müraciət etmiş müxtəlif şəxslərin adlarını işçi kimi rəsmiləşdirmək müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, həmin əmək haqqı kartlarına daxil olan vəsaiti hər ay nağdlaşdıraraq, külli miqdarda pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyənləşib.

Hazırda cinayət törətmiş şəxslərin dairəsinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun