The New York Times: 'Avropa İttifaqı süni intellekt üçün sərt qaydalar təklif edir'

The New York Times: 'Avropa İttifaqı süni intellekt üçün sərt qaydalar təklif edir'
29 Aprel 2021
Mətni dəyiş

Tənzimləmələr bu sahəyə külli miqdarda pul ayırmış 'Amazon', 'Google', 'Facebook' və 'Microsoft' kimi texnologiya şirkətlərinə uzunmüddətli təsirlər edəcək.

Bu barədə 'The NewYork Times' nəşrində Adam Satarianonun məqaləsi dərc olunub.  Yazıda deyilir ki, ötən həftə Avropa İttifaqı süni intellektdən istifadəni təmzimləyən qaydalar toplusu təqdim edib. Bu, şirkətlərə və hökumətlərə dünyadakı elmi nailiyyətlər arasında ən əhəmiyyətlisi, eyni zamanda da etik cəhətdən ən mübahisəlisi hesab edilən həmin texnologiyadan istifadə qaydalarını müəyyənləşdirən ilk siyasi qərardır.

Qanun layihəsi müxtəlif fəaliyyət sahələrində süni intellektdən istifadənin məhdudlaşdırılmasını nəzərdə tutur. Söhbət pilotsuz avtomobil idarəsi, işə qəbul etmə, bank kreditləri, məktəb seçimi və imtahanlarda qiymətləndirmədən gedir. Həmçinin, tənzimləmə hüquq-mühafizə orqanlarında və yüksək riskli hesab edilən məhkəmə sistemində süni intellektdən istifadəni məhdudlaşdırır. Buna səbəb onların insan təhlükəsizliyini və ibtidai hüquqları təhdid etmə ehtimalıdır.

Bəzi hallar, o cümlədən ictimai yerlərdə üzün tanınması prosesi ümumiyyətlə qadağan ediləcək. Hərçənd milli təhlükəsizlik və digər məqsədlərə görə müəyyən istisnalar da mümkündür.

108 səhifəlik layihə bu texnologiyanın daha geniş yayılmadan tənzimlənməsini nəzərdə tutur. Qaydalar süni intellektin inkişafına milyonlarla vəsait sərf edən 'Amazon', 'Google', 'Facebook' və 'Microsoft' kimi texnologiya nəhənglərinə, həmçinin bu sahədən dərman istehsalı, sığortaların imzalanması və kredit götürmə qabiliyyətinin qiymətləndirilməsində istifadə edən kiçik şirkətlərə uzunmüddətli təsir göstərə bilər. Hökumətlər bu texnologiyanın müxtəlif versiyalarına cinayət məcəlləsində və gəlirlərin dəstəklənməsi kimi dövlət xidmətlərində müraciət ediblər.

Hazırlanması üçün bir neçə il tələb olunan yeni qaydaları pozan kompaniyalar qlobal satışların 6 faizinə qədər cərimələrə məruz qala bilərlər.

"Süni intellektə gəlincə, etimad mütləqdir, amma məcburi deyil" – deyə 27 ölkədə rəqəmsal siyasətə nəzarət edən Avropa Komissiyasının icraçı vitse-prezidenti Marqret Vestaqerin bəyanatında bildirilir:

"Bu əhəmiyyətli qaydalar toplusu ilə Avropa İttifaqı süni intellektə etibarı təmin edəcək yeni qlobal normaların müəyyənləşdirilməsini hədəfləyir".

[caption id="attachment_99277" align="alignleft" width="2048"] Marqret Vestaqer[/caption]

Avropa İttifaqının qaydalarına əsasən, yüksək risk sahəsində süni intellektin köməyinə müraciət edən şirkətlər onun təhlükəsizliyi, o cümlədən texnologiyanın necə qərar verməsi və risklərin dəyərləndirilməsi haqda sənədləri sübut kimi qanunverici orqanlara təqdim etməlidir. Həmçinin, şirkətlər sistemin istifadəsinə və yaradılmasına insanların nəzarət etdiyinə də təminat verməlidir.

Bəzi tətbiqlər, məsələn, müştəriyə xidmət zamanı insanlarla ünsiyyəti və çətin tapılan manipulyativ təsvirlər yaradan "dipfeyk" kimi proqram təminatını təqdim edən çat-botlar istifadəçilərə gördüklərinin sadəcə kompüter tərəfindən yaradıldığını bildirməli olacaqlar.

Uzun illər ərzində Avropa İttifaqı dünyada texnologiya sənayesinin ən sərt müdafiəçisi olub. Digər ölkələr isə onun siyasətini özləri üçün orientir olaraq qəbul ediblər. İttifaq artıq dünyanın ən geniş məlumat məxfiliyi qaydalarını qəbul edib və əlavə anti-monopoliya, məzmun tənzimləmə qanunlarının müzakirəsinə başlayıb.

Amma sərt nəzarət haqda yalnız Avropa təkid etmir. Nəhəng texnologiya kompaniyaları bu sənaye sahəsinin gücünü sarsıtmaq üçün öz siyasi məqsədləri olan digər hökumətlərin daha geniş tələbləri ilə üzləşirlər.

ABŞ-da prezident Co Bayden öz administrasiyasını sənaye tənqidçiləri ilə doldurub. Britaniya bu sənayeni idarə etmək üçün texniki qaydalar yaradır. Hindistan sosial şəbəkələrə nəzarəti artırır. Çin gözünü 'Alibaba' və 'Tencent' kimi yerli texnologiya nəhənglərinə zilləyib.

Nəticələr yaxın illər ərzində qlobal internetin işləmə şəklini, yeni texnologiyadan istifadə qaydasını dəyişəcək və yaşadıqları yerdən asılı olmayaraq insanlar müxtəlif məzmunlara, rəqəmsal xidmətlərə və digər virtual azadlıqlara çıxış əldə edə biləcəklər.

Süni intellekt vasitəsilə geniş məlumat axınını analiz edərək tapşırıqları yerinə yetirən və qərarlar qəbul edən maşınlar texnoloqlar, kompaniya rəhbərlikləri və hökumət rəsmiləri tərəfindən dünyanın ən inqilabi və məhsuldarlığı əhəmiyyətli dərəcədə artıracaq yeniliyi kimi araşdırılır.

Amma sistemlər getdikcə daha da qəlizləşdiyindən, proqram təminatının niyə qərarlar qəbul etdiyini anlamaq çətinləşir. Bu problem kompüterlərin güclənməsi ilə daha da dərinləşə bilər. Araşdırmaçılar onun istifadəsində etik normalarla bağlı məsələni müzakirəyə çıxarıblar. Onlar iddia edirlər ki, bu texnoloji yenilik cəmiyyətdəki mövcud qərəzi dərinləşdirə, məxfiliyi poza və iş yerlərinin çoxunun avtomatlaşmasına səbəb ola bilər.

Avropa Komissiyasının hazırladığı qanun layihəsi birmənalı qarşılanmadı. Bir çox sənaye qrupları qaydaların o qədər də sərt olmadığını bildirdilər. Bəzi vətəndaş cəmiyyəti təşkilatları isə birliyin daha da irəli getməli olduğunu qeyd edir.

"Son bir neçə ildə süni intellekt haqda qaydaların nə demək olduğu müzakirə edilirdi. Bu gün üçün alternativ variant yalnız heç nə etməmək və oturub nə olacağını gözləmək idi" – süni intellektdən etik istifadəni araşdıran London İnstitutu "Ada Lovelace"in direktoru Karli Kind bildirib.

Direktor deyir ki, bu, istənilən ölkə, yaxud regional birliyin ilk belə cəhdi hesab olunur. Xanım Kindin sözlərinə görə, çoxları bu siyasətin genişmiqyaslı olması, texnologiyanın istehsalçıları və kompaniyalara özlərini qaydalara uyğunlaşdırmaq üçün kifayət qədər azadlıq verməsindən narahatdır.

"Əgər qaydalar qırmızı xətləri və əsas prinsipləri, icazə verilənlər və verilməyənlər arasında incə cizgiləri təyin etmirsə, o zaman bu, interpretasiyaya geniş imkanlar verir" – o dedi.

Ədalətli və etik süni intellektin inkişafı Silikon Vadisində ən mübahisəli məsələlərdən biri halına gəlib. Ötən ilin dekabrında proqram təminatının etik istifadəsini araşdıran 'Google' korporasiyasının idarə heyəti üzvlərindən biri şirkətdə müxtəlifliyin olmamasını tənqid etdiyinə və müasir süni zəka proqramına xas olan qərəzliliyinə görə işdən qovulduğunu iddia etdi. 'Google' və digər kompaniyaların daxilində hərbi məqsədlərlə istifadə üçün nəzərdə tutulan öncül proqram təminatlarının hökumətə satılması müzakirə edilirdi.

ABŞ-da süni intellektin riski hökumət orqanları tərəfindən də araşdırılır. Bu həftə Federal Ticarət Komissiyası irqi qərəzli alqoritmlərindən istifadə edən, yaxud insanları "iş, mənzil, kredit, sığorta və ya digər imtiyazlardan məhrum edə biləcək" süni zəka sistemlərinin satılmasına qarşı xəbərdarlıq edib.

Digər yerlərdə, o cümlədən Massaçusets ştatının, Kaliforniya ştatının Okland, San-Fransisko şəhərlərinin və Portland ştatının Oreqon şəhərinin hökumətində üzün tanınması funksiyasından istifadə qaydalarını məhdudlaşdıran addımlar atıldı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun