Qubad İbadoğlu: "Metroya ayrılan pullara üç aydır qənaət olunur"

Qubad İbadoğlu: "Metroya ayrılan pullara üç aydır qənaət olunur"
6 Aprel 2021
Mətni dəyiş

Artıq bir müddətdir ki, Azərbaycanda koronavirusun təsirlərini azaltmaq üçün nəzərdə tutulan karantin tədbirləri çərçivəsində metroların fəaliyyəti dayandırılıb. Metroların işləməməsi və bunun fonunda ölkənin nəqliyyat sahəsində yaranan mənzərə ortaya bir çox suallar çıxardır: Metorlar bağlı olduğu müddətdə ölkədə əhalinin tutumu baxımdan vəziyyət nə yerdədir? Metroların bağlanmasının səbəbi həqiqətəndə pandemiyadırmı? Abzas.net bu suallara cavab tapmağa çalışıb. 

Nəqliyyat eksperti Rəşad Əliyev deyir ki, Azərbaycanda nəqliyyat sisteminin təşkil olunması qənaətbəxş deyil.

Onun sözlərinə görə, nəqliyyat sahəsində ciddi problemlər var ki, bu da qeyri-leqal yollarla gəlir əldə edənlərə müəyyən imkanlar yaradır.

"Onsuz da Azərbaycanda nəqliyyat sahəsində ciddi problemlər var idi. Məsələn, insanların sıx olduğu var xəttlərə əlavə marşurutlar buraxılmırdı, müəyyən çatışmazlıqlar yaranırdı və işbazlar bu boşluqları qeyri-leqal yollarla doldururdular. Məsələn, metroların ətrafında fəaliyyət göstərən "manatlıq taksilər" və s. Mən dəfələrlə təklif etmişəm ki, vahid sistem yaradılsın və bu taksilər də o sistem daxilində fəaliyyət göstərsinlər, ancaq bu baş verməyib", - deyə o, bildirib.

Ekspert deyir ki, nəqliyyat sahəsində yaranan problemlər pandemiya dövründə daha da genişlənib.

Onun sözlərinə görə, metroların bağlanması nəqliyyat sahəsini demək olar iflic edib. Artıq monopolistlər legitim olmayan sərnişindaşıma fəaliyyətini təşkil edirlər və buna bir nəzarət yoxdur. "Əgər bu qədər açıq pozuntuları görürlərsə və bir şey etmirlərsə, demək burada kimlərinsə maraqları var və bu işə nəzarət edən adamlar var", - deyə Nəqliyyat eksperti Rəşad Əliyev bildirib.

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, o metronun gəlir əldə edilməsi üçün bağlanıldığını düşünmür.

Onun sözlərinə görə, metroların bağlanmasında iki əsas səbəb ola bilər.

"Azərbaycanda metrolar zərərlə işləyirdilər və sərnişinlərin də az olması bu zərəri artırırdı. Ötən il metrolar üçün 40 milyon manat subsidiya ayrılmışdı, bilmirəm onun nə qədəri istifadə olunub. Amma bilirəm ki, İqtisadiyyat Nazirliyi həyati əhəmiyyətli nəqliyyat vasitələrinə pandemiya dövründə dəstək məqsədi ilə Baki Metropoliteninə 2,6 milyon manat vəsait ayırmışdı. Bu da metroda işçilərin maaşlarının ödənməsinə yönəlməli idi. Bu il üçün də metroya 39,2 milyon manat subsidiya qoyublar. Bu məbləğ də artıq 3 aydır ki, istifadə olunmur. Aylara bölsək, aya təxminən 3 milyon manat deməkdir. Demək olar ki, hardasa 10 milyon manat artıq qənaət olunub. Nə qədər çox işləməsə, subsidiyadan bir o qədər az istifadə olunacaq. Bu baxımdan ola bilər ki, dövlət metronu işlətməkdə maraqlı olmasın. Digər tərəfdən düşünürəm ki, metronun işləməməyi həm də virusla əlaqədardır. Ola bilər ki, həqiqətən metro virusun artmasına müsbət təsir edir. Amma orada da müəyyən qaydaları təmin etməklə yoluxma riskini azaltmaq mümkündür. Görünür, hakimiyyət hələlik bunlara görə metronun açılmasını istəmir", - deyə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun