Sonuncu Qarabağ döyüşlərinin iştirakçısı, İmişli rayon sakini İmdad Qəhrəmanov intihar edib.
Abzas.net-in məlumatına görə, o, aprelin 10-da gecə saatlarında yaşayış məntəqəsinin yaxınlığındakı çöl sahəsində özünü asıb. Qəhrəmanov intihardan əvvəl yaxınları ilə də əlaqə saxlayıb.
1995-ci il təvəllüdlü Qəhrəmanov İmdad Niyazi oğlu İmişli rayonun Ağcüyür kəndində yaşayıb. İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəcirəvan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Balakişiyev də faktı Abzas.net-ə təsdiqləyib.
O bildirib ki, hələlik intiharın səbəbləri müəyyən deyil. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər və iş üzrə araşdırma aparılır.
İmdad Qəhrəmanov 44 gün davam edən 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub. 2-ci Qarabağ müharibəsindən sonra bir neçə Qarabağ qazisinin və döyüşçüsünün intihar etməsi ilə bağlı məlumatlar yayılıb.