19 Mart 2021
Mətni dəyiş
Bu günə qədər Azərbaycana koronavirus əleyhinə təxminən 1,5 milyon doza vaksin gətirilib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə günü keçirilən brifinqində dövlət başçısının köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, hələlik Azərbaycana AstraZeneka vaksini gətirilməyib.
Prezidentin köməkçisi həmçinin koronavirus testlərindən danışıb, o deyib ki, PCR testləri istənilən ştammı müəyyən edə bilir.
“Elə bir hal ola bilər ki, test haradasa düzgün götürülməsin və yaxud test götürüləndə nəticəsi neqativ çıxsın. Amma bir gün sonra həmin şəxsdə simptomlar əmələ gələ bilər və test pozitiv göstərə bilər. Britaniya ştammının hər hansı ölkə tərəfindən dayandırılması qeyri-mümkündür. Bütün bu ştammlar dünyada yayılır. Bu mutasiyalar Azərbaycanda da baş verə bilər. Azərbaycanda da Britaniya ştammına uyğun bir hal yarana bilər”, - o qeyd edib.