Bu günlərdə Ukrayna-Rusiya münasibətlərində gərginlik yaşanır. Ukraynanın NATO dövləti Türkiyə ilə hərbi əməkdaşlığı Rusiyanı və dəstəklədiyi separatçı qüvvələri, Rusiyanın Ukraynadakı yeni işğal planlarına dair kəşfiyyat məlumatları da Ukraynanı narahat edir. Bu günlərdə Ukraynada Rusiyanın təsir dairəsinin zəiflədilməsinə hesablanmış addımlar və Donetsk separatçı rejiminin əsgərlərə Ukrayna mövqelərinə qabaqlayıcı atəş açmağa icazə verməsi vəziyyəti daha da çıxılmaz edib.
Abzas.net məsələ ilə bağlı politoloq Şahin Cəfərlinin fikirlərini öyrənib. Müsahibəni sizə təqdim edirik.
- Şahin bəy, son zamanlar Rusiya-Ukrayna münasibətlərində mənfi mənada hərəkətlilik, xüsusən Donbas bölgəsində isə gərginlik yaşanır. Sizcə, bu məsələlər ətrafında Rusiya-Ukrayna arasında nə baş verir?
- Əlbəttə ki, Ukraynadakı prosesləri Amerika-Rusiya münasibətlərindən ayrı təsəvvür etmək mümkün deyil. Təsadüfü deyil ki, bu gərginləşmələr, eləcə də Ukrayna hakimiyyətinin yeni siyasət kursu Baydenin seçilməsindən sonra müşahidə edilməyə başladı. Bilirisiniz ki, Ukrayna hökuməti artıq bir müddətdir ki, ölkədə Rusiyanın 5-ci kalonuna qarşı sərt tədbirlər görməyə başlayıb. Bu tələblər Ukrayna cəmiyyətində uzun müddət idi mövcud idi. Hələ 2014-ci ildən, Rusiya ilə müharibənin başlamasından bu yana daxildəki millətçi qüvvələr hər zaman Ukrayna hakimiyyətlərindən tələb edirdilər ki, Rusiyanın Ukraynadakı 5-ci kalonuna qarşı sərt tədbirlər görmək lazımdır. Çünki bir tərəfdən Ukrayna Rusiya ilə müharibə aparırdı, digər tərəfdən isə rusiyayönümlü qüvvələr açıq fəaliyyət göstərirdilər. Siyasətdə aktivdirlər, parlamentdə təmsil olunlurlar. Həm məhkəmə-hüquq sistemində, həm də digər dövlət qurumlarında Rusiya adamları var. Eyni zamanda Rusiyaya bağlı adamlar Ukraynada bizneslə də məşquldurlar. Belə bir paradoksal vəziyyət yaranmışdı. Nəhayət ki, bu istiqamətdə tədbirlər görülməyə başlayıb. Yeni seçilmiş Bayden hakimiyyətindən də xeyir-dua alan Zelenski hakimiyyəti Viktor Medvedçuka və onun şəbəkəsinə qarşı sərt tədbirlər görür. Artıq onlara məxsus olan telekanallar bağlanıb, eyni zamanda onların biznes fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəlik ciddi addımlar atılıb və bu proses davam edir. Görünür, Rusiya Ukraynanın bu addımlarını qəbul etmir və cavab olaraq sınanmış üsullarından istifadə edir, yəni Donbas separatçılarını qızışdırır. Ancaq mən hansısa müharibənin olacağını düşünmürəm, çünki bu Rusiyanın maraqlarına xidmət etmir. Rusiya bunu etsə Qərbin daha sərt sanksiyalarına məruz qala bilər.
- Şahin bəy, xüsusən Bayden hakimiyyətə gəldikdən sonra həm Suriyada, həm Qara dənizdə, həm də elə Donbas bölgəsində vəziyyət gərginləşdi. Hətta biz digər bölgələrin də adını çəkə bilərik ki, o ərazilərdə də müəyyən hərəkətliliklər yaşandı. Siz düşünmürüsün ki, Qərblə Rusiya arasında müəyyən hərbi gərginliyin yanaşma ehtimalı var, ona görə də Qərb bunu Suriyaya, Rusiya isə Ukraynaya çəkir?
- Yox, Rusiya ilə Amerika arasında açıq hərbi toqquşma ehtimalını mən həddən artıq zəif görürəm. Hətta qeyri-mümkün kimi görünür. Çünki hər iki dövlət nüvə dövlətidir və yaranmış gərginliyi nəzarətdə saxlamağa maraqlıdırlar. Vəziyyətin nəzarətdən çıxmasında və açıq toqquşmaya çevrilməsində hər iki tərəf maraqlı deyil. Ona görə də mən bu gərginliyin güclənərək davam edəcəyini düşünürəm, amma bu gərginliyin açıq müharibəyə çevriləcəyinə inanmıram.
- Amma biz görürük ki, Bayden hakimiyyətə gələndən sonra həm Baltik dənizi üzərində, həm Qara dənizdə, həm Suriyada, həm Donbasda vəziyyət gərginləşdi və Rusiya qüvvələri önündə Amerika qüvvələri yer aldı. Hətta biz Qarağ münaqişəsini də nəzərə alsaq, burada da NATO-nun Amerika ilə müttəfiq dövləti müəyyən üstünlük əldə etdi. Bütün cəbhələrdə gərginlik var...
- Yox, bu Baydenin hakimiyyətə gəlməsindən sonra başlayan proses deyil. Bu, 2014-cü ildə Rusiyanın Kırımı ilhaq etməsi və Donbasa hərbi müdaxilə etməsindən sonra başlayan prosesdir. 2008-ci dilə Rusiya Gürcüstana hərbi müdaxilə edəndə Qərb buna çox səthi yanaşmışdı, ancaq 2014-ci ildə Ukrayna ilə baş verənlərdən sonra Qərb bu məsələlərlə bağlı öz strategiyasında dəyişikliklər etdi. Hər halda Gürcüstandan fərqli olaraq Ukrayna birbaşa Avropa dövlətidir. Avropa Birliyi və NATO məkanı ilə həmsərhəd olan ölkədir. Ona görə də Ukrayna məsələsindən sonra Qərb vəziyyətin ciddiliyini daha real gördü və buna qarşı əks tədbirlər görməyə başladı. Bu kontekstə də Rusiya ilə həmsərhəd olan NATO ölkələrinə (Baltik ölkələri və Polşa) NATO-nun hərbi batalyonları yerləşdirildi və Rusiya sərhədləri boyunca NATO-nun kəşfiyyat dronlarının və aviasiyalarının hərəkətləri intensivləşdi. Rusiya da buna cavab olaraq Qərb sərhədlərində öz hərbi varlığını gücləndirdi və biz demək olar hər həftə Qərb sərhədlərində iki ölkənin hava qüvvələri arasında gərginliyə şahid oluruq, bu artıq sadə prosesə çevrilib. Bütün hallarda bu gərginlik hələ bir müddət də davam edəcək.
- Qayıdaq Ukrayna məsələsinə, Şahin bəy, Ukrayna Xarici Kəşfiyyat Xidməti Rusiya ordusunun Krımdakı su problemini həll etmək üçün ölkənin Xerson bölgəsini "işğal edəcəyini" iddia edir. Biz bilirik ki, yarımadanın şirin su ehtiyacının 85 faizinin Krım Rusiyaya daxil edilməzdən əvvəl Ukraynanın digər bölgələrindən tədarük edirdi. Yəni Xersonun işğalı, su kanalının nəzarətə götürülməsi Kırımın təminatını ödəyə bilməyəcək, amma bu işğal Rusiya üçün ağır nəticələr verəcək. Sizcə bu halda nə qədər realdır işğal planı? Yoxsa Ukrayna bu açıqlama ilə Qara dənizdə NATO-nun varlığını artırması üçün zəmn yaradırdı?
- Bu kəşfiyyat məlumatlarının doğruluğuna mənim heç bir şübhəm yoxdur. Sirr deyil ki, Rusiyanın belə planları var. Rusiya hərbi komandanlığı belə planların üzərində işləyir. Bilirsiniz ki, Ukrayna Dnepr çayının Kırıma gedən hissəsindən kanalı kəsib və Kırıma su buraxmır. Kırımda ciddi su böhranı yaranıb. İndi buna görə qətiyyən istisna deyil ki, Rusiya komandanlığı bu problemin hərbi yolla çözümü ilə bağlı da hansısa planlar hazırlayır. Eyni zamanda hələ Donbasda vəziyyət gərginləşəndən bəri söz-söhbət gəzirdi ki, Rusiya Kırıma quru yolu açacaq və bu məqsədlə həmin o zolaqdakı Ukrayna ərazilərini ələ keçirəcək. Hətta Rusiya qoşunlarının Kiyevi ələ keçirəcəyinə dair də çoxlu söz-söhbətlər yayılmışdı. Xüsusən də Rusiya sərhədindən Kiyevə olan məsafə o qədər də çox deyil, Rusiya əgər hərəkətə başlasa, 2-3 saata Kiyevə çatmaq iqtidarındadır. Belə təhlükələr var və Ukrayna hərbi komandanlığı da buna adekvat tədbirlər görür. Ukrayna ötən müddətdə öz ordusunu xeyli gücləndirib. 250 min nəfərlik hərbi qüvvə, bir o qədər də rezerv qüvvə hazırlanıb Ukraynada. Bütün bunlar ona görə edilib ki, Rusiya bütün sərhədlər boyu hücuma keçərsə, Ukraynanın onun qarşısını almağa gücü olsun. Qərb də təbii ki, bu işdə Ukraynaya dəstək verir. Amma qeyd etdiyim kimi, mən Rusiyanın bu riskə gedəcəyinə inanmıram. Genişmiqyaslı bir əməliyyat Rusiya üçün çox ağır nəticələr verər.
- Amma su problemi humanitar problemdir və uzun müddətdir Ukraynanın öz təminatı ilə bu problem həll olunurdu. Rusiyanın xaricdə imicinin və vəziyyətinin ürəkaçan olmadığını bilirik, ancaq sırf humanitar problem olduğu üçün Rusiya hansısa diplomatik və siyasi yollarla Ukrayna üzərində qınaq yaradaraq bu problemi həll edə bilər, niyə hərbi yolu seçsin?
- Bu humanitar problemi Ukrayna ilə danışıqları prosesində çözmək olar, Amma Ukrayna gərək Rusiya tərəfdən hər hansısa pozitiv addım görsün, onun müqabilində bu cür addım atsın. Rusiya Kırımı qaytarmasa belə ən azı Donbas məsələsində hansısa güzəştlər edərsə, Ukrayna da öz növbəsində xoş bir addım kimi Kırıma gedən su xəttini aça bilər. Rusiya tərəfindən hansısa poztiv addım olmasa, Ukraynanın birtərəfli qaydada bu xoşniyyətli addımı atması mənasız olardı.
- Xoş niyyətli addımlar deyəndə nəyi nəzərdə tutursunuz?
- Donbas probleminin Ukraynanın gözləntilərinə uyğun şərtlərlə həllini nəzərdə tuturam. Rusiya heç Donbas məsələsində də güzəştə getmir. Bu məsələ düyünə düşüb. Danışıqlar da faktiki olaraq dayanıb.
- Şahin bəy, əgər belə hərbi qarşıdurma olacaqsa, sizcə daha uyğun varinat Mariopolu işğal edib Donbasla Kırım arasında quru yol və Qara dənizdə yeni qapı əldə etmək deyil?
- Mən inanmıram, bu böyük hərbi avantüra ola bilər. Bu artıq Ukrayna və Rusiya arasında açıq genişmiqyaslı müharibə deməkdir. Rusiyanın Ukrayna sərhədlərini keçməsi, Azov sahilində yerləşən böyük sənaye şəhərini ələ keçirməsi və oradan da Xersona doğru irəliləyib Kırıma quru yolu açması çox böyük bir hərbi avantüra ola bilər.
- 2014-cü ildə də getmədilər buna...
- 2014-cü ildə getmək imkanları var idi. 2014-cü ildə həm beynəlxalq şərait indiki qədər Rusiyanın əleyhinə deyildi, həm də Rusiyanın gücü indikindən daha çox idi. Eyni zamanda Ukraynanın gücü də daha zəif idi. Yəni faktiki olaraq 2014-cü ildə Kırım və Donbas hadisələri başlayanda Ukrayna ordusu yalnız kağız üzərində mövcud idi. Hətta o vaxt prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinovun belə bir müsahibəsi var idi ki, Kırım hadisələri başlayanda Baş Qərargahdan raport istəyib ki, Ukrayna ordusu hansı vəziyyətdədir? Ona cavab gəlib ki, bizim döyüş qabiliyyəti olan cəmi 6 min əsgərimiz var. Ukrayna ordusu belə bir vəziyyətdə idi. Rusiya ordusu əgər o vaxt bu problemi həyata keçirmək istəsəydi, bunu çox rahatlıqla edərdi. Amma o vaxt da bu riskə getmədi. İndiki vəziyyətdə isə ümumiyyətlə inandırıcı deyil ki, Rusiyada hansısa hakimiyyət bu avantüraya getsin.
- Son sual budur ki, biz həm diplomatik cəbhədə, həm də siyasi cəbhədə gərginliyin olduğunu görürürk. Regionda Rusiyanın maraqlarına xidmət eləməyən hadisələr baş verir və grəginlik də artır. Sizcə, bundan sonra nələr baş verə bilər? - Rusiya Ukrayna münasibətlərində hansısa inkişaf Rusiyanın öz siyasətini dəyişməsinə bağlıdır. Rusiya Kırımı bu mərhələdə verməsə də, heç olmasa Donbas məsələsində xoş iradə nümayiş elətdirərsə və bu problemin Ukrayna ilə razılaşdırılmış şəkildə həll edilməsinə gedərsə, münasibətlərdə müsbət inkişaf ola bilər. Eyni zamanda Donbas məsələsinə görə Rusiyaya tətbiq olunmuş Qərb sanksiyaları da ləğv olunacaq. Bu, öz növbəsində Qərb-Rusiya münasibətlərində də yumuşalmaya səbəb olacaq. Yəni Qərb hazırda Rusiya tərəfindən geri addım gözləyir, Ancaq Rusiya rəhbərliyinin siyasətində belə bir addım müşahidə olunmur, əksinə Rusiya rəhbərliyi ölkəni alınmaz qalaya çevirmək istiqamətində siyasət yürüdür. Mən düşünürüəm ki, Rusiya-Qərb münasibətlərində açılım Rusiyada hakimiyyət dəyişikliyindən sonra ola bilər. Rusiyada Putinin hakimiyyəti ötürmək niyyəti ilə bağlı söhbətlər var və düşünürəm ki, bu baş versə, Rusiya-Qərb münasibətlərindəki böhranların həllindən danışmaq olar.